Çin avtomobilləri son illərdə sürətlə inkişaf edərək dünya avtomobil bazarında önəmli yer tutmağa başlayıb.
KONKRET.az xəbər verir ki, avtomobil ustası Əli Əliyev Metbuat.az-a açıqlamasında bu avtomobillərin üstünlüklərindən və mənfi cəhətlərindən danışıb.
O bildirib ki, əsas üstünlüklərdən biri avtomobillərin yeni olmasıdır:
“Bu, alıcıların diqqətini cəlb edir. Çünki yeni avtomobil sürmək, nə qədər brend olsa da, ikinci əl avtomobildən daha üstündür. Yeni avtomobildə hər şey təzə olur, müəyyən müddət ustaya ehtiyac olmur. Bu avtomobillər yeni texnologiyalarla təchiz olunub. Elektron sistemlər, ağıllı idarəetmə funksiyaları və müxtəlif sensorlarla təmin olunması avtomobilləri daha cəlbedici və sərfəli edir”.
Ə.Əliyevin sözlərinə görə, Çin istehsalı avtomobillərin rahat və geniş olması da vacib məsələdir:
“Alman, Avropa və ya Koreya avtomobilləri ilə qiymət baxımından müqayisə aparıldıqda, məsələn, 20 000 manat civarındakı avtomobillər adətən kiçik seqmentə aiddir. Lakin eyni qiymətə olan Çin avtomobilləri daha geniş salona və yüksək komforta malik olur. Bu səbəbdən alıcılar daha çox Çin avtomobillərinə üstünlük verirlər”.
Usta bu maşınların mənfi cəhətlərindən söz açarkən qeyd edib ki, əsas narahatlıq dözümlülüklə bağlıdır:
“Bu avtomobillər beş il sonra necə işləyəcək, davamlı olacaqmı, sual altındadır. Avtomobili almamışdan əvvəl qiymətə yox, ehtiyat hissələrinin mövcudluğuna baxmaq lazımdır. Hazırda bunların servis xidmətləri zəifdir. Hamısı yeni texnologiyadan ibarət olduğu üçün onları diaqnostika və təmir etmək çətindir. Bu maşınlar ancaq öz rəsmi dilerlərində təmir olunmalıdır, yəni servis mərkəzi olmalıdır”.
Avtomobil mütəxəssisi brend dəyərindən də danışıb. O deyib ki,Çin avtomobillərinin ikinci əl bazarında nə dərəcədə satılacağı bəlli deyil:
“Yapon və Amerika avtomobilləri ilə müqayisədə Çin avtomobillərində brend məsələsi ön plana çıxır. Alıcı üçün əsas suallardan biri budur: sabah bu avtomobili sata biləcəyəmmi, ikinci əl bazarı olacaqmı? Bu, hələ də qeyri-müəyyən olaraq qalır. Brendin etibarlılığı və detalların uzunömürlü olub-olmaması da vacib amillərdəndir. Məsələn, Avropa və Koreya avtomobilləri adətən 150-200 min kilometr məsafə problemsiz qət edə bilir. Amma Çin avtomobillərinin 50 və ya 100 min kilometrdən sonra necə işləyəcəyi məlum deyil. Üstəlik, bu avtomobillər korporativ istehsal olduğu üçün bəzən daha tez sıradan çıxırlar. Batareya və zavod qüsurları kimi problemlər digər rəqiblərlə müqayisədə daha çox müşahidə olunur”.