Avropa Birliyi Çinin elektrikli avtomobillərinə əlavə vergilər tətbiq etmək niyyətindədir. Qeyd edək ki, artıq Türkiyə bununla bağlı addım atıb.
KONKRET.az xəbər verir ki, Aİ Çin istehsalı olan elektrik avtomobillərinə gömrük rüsumları tətbiq edəcək.
Görünən odur ki, Avropa Komissiyası Almaniya hökumətinin “ticarət müharibəsi başlatma riski daşıyır” xəbərdarlığına məhəl qoymayıb.
Komissiya bu gün avtomobil istehsalçılarına gələn aydan etibarən idxal olunan Çin elektrik avtomobillərinə 25 faizə qədər əlavə rüsumlar tətbiq edəcəyi barədə məlumat verməyə hazırlaşır.
Fransa və İspaniyanın müdafiə etdiyi tarif qərarı Çin elektrikli avtomobillərinin Avropada satışlarının artması ilə hər il Aİ büdcəsinə milyardlarla avro gəlir gətirəcək.
Əlavə tariflər BYD və SAIC kimi Çin istehsalçılarını, eləcə də Çində fabrikləri olan Tesla kimi şirkətləri də vuracaq. Vergilər AB-nin müəyyən etdiyi subsidiya səviyyəsindən asılı olaraq istehsalçıya görə dəyişə bilər.
Avropaya gedən elektrikli avtomobillərə 15 faiz gömrük rüsumu tətbiq edən Çin keçən il bazar payını iki dəfə artıraraq, 2023-cü ildə Aİ-yə 10 milyard avroluq elektrikli avtomobil ixrac edərək bu payı 8 faizə çatdırıb.
Ötən ilin sentyabrında AB Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, Çindən gətirilən elektrik avtomobilləri ilə bağlı ciddi araşdırma aparılmalıdır.
Aİ-nin Ticarət Komissarı Valdis Dombrovskis araşdırmanı elan edərkən, elektrik nəqliyyat vasitələrinin yaşıl keçid üçün çox vacib olduğunu etiraf etmişdi. Bununla belə, Dombrovskis “rəqabət ədalətli olmalıdır” demişdi.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian istintaqı “proteksionizmin tipik nümunəsi” kimi qiymətləndirmişdi.
Rəsmiyyə Şərifova,
KONKRET.az