“Rəsmi Pekin Ukraynada hərbi əməliyyatları mümkün qədər tez bitirmək üçün Almaniya ilə əməkdaşlığa hazırdır”.
KONKRET.az xarici mediaya istinadən bildirir ki, bu açıqlama ilə Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huey Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Tomas Baggerlə görüşündə deyib.
Li Hueyin sözlərinə görə, atəşkəsin əldə olunması və bütün tərəflərin bərabər iştirakı ilə sülh konfransının keçirilməsini birgə dəstəkləmək üçün Çin Almaniya ilə əməkdaşlığa hazırdır.
ÇXR-in xüsusi nümayəndəsi vurğulayıb ki, Ukraynadakı münaqişə və onun gərginləşməsi təhlükəsi Çin və Almaniya da daxil olmaqla geniş beynəlxalq ictimaiyyətin ümumi maraqlarına uyğun deyil.
Bagger “Ukrayna böhranının siyasi həllinin asanlaşdırılmasında müsbət roluna” görə Çinə təşəkkür edib. O, nəzərə çatdırıb ki, Ukraynadakı mövcud vəziyyətlə bağlı Almaniya və Çin arasında konsensus yaranıb.
Qeyd edək ki, Li Huey Ukrayna böhranının həllinə kömək etmək üçün martın 2-dən Avropa ölkələrinə bir sıra səfərlər edib. Məqsədlərdən biri Çinin 2023-cü ilin fevralında təqdim etdiyi Ukrayna üçün sülh planını təbliğ etmək olub.
Çin planı 12 bənddən ibarətdir. Sənəddə bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, soyuq müharibə zehniyyətindən imtina etmək və müharibəni dayandırmaq təklif olunur.
Bu arada Berlin Londonun Ukraynaya raket tədarükü üçün yeni sxem ideyasını dəstəkləyib.
Almaniyanın xarici işlər naziri Annalena Berbok yerli mediaya açıqlamasında britaniyalı həmkarı Devid Kemeronun “dairəvi mübadilə” çərçivəsində Ukraynaya yeni qanadlı raketlərin verilməsi təklifini dəstəkləyib. Söhbət London tərəfindən Almaniyanın “Taurus” raketlərinin alınmasından və Britaniyanın oxşar xüsusiyyətlərə malik “Storm Shadow” raketlərinin Kiyevə köçürülməsindən gedir.
Xatirə SADİQ,
KONKRET.az