Çin və Belarus qoşunları “Eagle Assault” birgə antiterror təlimi zamanı hava limanını ələ keçirməyə cəhd ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə “Hong Kong South China Morning Post” qəzeti yazıb. Nəşrin məlumatına görə, təlimlər Ukrayna və Polşa ilə sərhəddən 28 km aralıda yerləşən Brest şəhəri yaxınlığında keçirilib.
“Belarus-Çin hava axtarış hücum qrupları saxta terror təşkilatının baza düşərgəsinin axtarışı üzərində işləyib. Kəşfiyyat əməliyyatından sonra onlar Mi-8MTV-5 helikopterlərindən yerə eniblər”, – deyə Belarus Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Təlimlərə görə terror təşkilatı tərəfindən ələ keçirilən hava limanının nəzarətə götürülməsi üçün əməliyyat keçirilib.
Bu, iki ölkənin ilk birgə hərbi təlimləri olub. Çin Müdafiə Nazirliyi “WeChat”da iki ölkə qoşunlarının yaxşı texniki bacarıqları və güclü hazırlıq səviyyəsini qeyd edən material dərc edib.
Çinli komandir Vanq Bo iki tərəfin mühasirəyə alma, müşahidə və hədəfləri təqib etmə, həmçinin kəşfiyyat təlimləri keçirdiklərini deyib. Çin ordusunun bəyanatında deyilir ki, təlim iki tərəf arasında qüsursuz koordinasiya, güclü təlim və yüksək etimad sayəsində rəvan keçib.
Təlimlər NATO-nun Vaşinqtonda keçirilən sammitində Çinin Rusiya ilə dərinləşən tərəfdaşlığın alyans üçün dərin narahatlıq məsələsi olduğu qənaətinə gəlməsindən bir neçə gün sonra keçirilib.
Natiq Səlim,
KONKRET.az