KONKRET.az xəbər verir ki, Türkiyəli politoloq Engin Özerin Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti mövzusunda Globalinfo.az-a müsahibəsini təqdim edirik:
– Engin bəy, sammit ayrı-ayrı iştirakçı dövlətlər, xüsusilə də Rusiya və ev sahibi olan Çin üçün necə keçdi?
– Çində keçirilən son görüşün Rusiya üçün əhəmiyyətli, sərfəli nəticələr verdiyini söyləmək çətindir. “Sila Sibiri” (Sibirin Gücü) boru kəməri ilə bağlı gələcək vədlər verildi. Bundan əlavə, Çin hər zamankı sülhsevər siyasətini davam etdirir. Ukrayna məsələsində Rusiyaya hərbi dəstək verməkdən çəkinir və bu şəkildə davam edəcəyini açıq şəkildə bildirdi. Bu sammit əsasən Çinin güc nümayişi idi. Buradakı zirvə görüşündən çox, Çinin hərbi paradı ilə sərgilədiyi ritorikasına baxdıq. Dünya bunu belə gördü. Azərbaycan nöqteyi-nəzərindən, təbii ki, bu, Hindistanın Azərbaycanı üzvlük məsələsində bloklama qərarı idi. Bu, təşkilatda, BRİKS ilə bağlı olaraq da Hindistan və Çin arasında fərqin daha da artacağını göstərir. Ona görə bu görüşün Azərbaycan üçün çox da müsbət nəticələndiyini demək olmaz.
– Çindəki zirvə görüşü yeni dünya düzəni üçün nə demək idi?
– Çin daha öncə etmədiyi şəkildə ciddi hərbi gücünü nümayiş etdirdi. Orada Çin Xalq Azadlıq Ordusu 80 illik yubileyi ilə əlaqədar çox böyük hərbi parad keçirdi. Bu, Çinin militarist tərəfini dünyaya nümayiş etdirir. Əvvəllər xarici siyasətini ilk növbədə ticarət üzrərindən formalaşdıran Çin bu doktrinadan imtina etmiş kimi görünə bilər. Biz artıq birqütblü dünya deyil, Avropa İttifaqı, Çin və ABŞ-dan ibarət üçqütblü dünya barədə danışa bilərik. Rusiyanı burada həlledici bir aktor olaraq görmək hələ mümkün deyil. Yeni dünyada oyunun qaydalarını Avropa İttifaqı, Çin və ABŞ müəyyən edir.
– ŞƏT Zirvə görüşü Azərbaycana və Cənubi Qafqaza nə qazandırdı?
– Azərbaycan artıq “Bir kəmər, bir yol” layihəsində əsas tərəfdaşdır və Çin faktiki olaraq Zəngəzurla bağlı ən mühüm dəstəyi verir. Türkiyə hətta bu məsələdə ikinci planda ola bilər. Zəngəzur Türkiyə üçün deyil, Çin üçün strateji layihədir. Türkiyənin əlbəttə ki, üstünlükləri var. Türkiyə, təbii ki, bu layihəni Azərbaycanla bərabər Orta Asiyaya açılmaq üçün bir fürsət kimi görür, lakin bu, “Orta dəhliz” kontekstində ən çox Çin üçün əhəmiyyətlidir. Ona görə də Əliyev, bu məsələdə tam diplomatik dəstək aldı ki bu da gözlənilən idi.
Hazırda Azərbaycan üçün ən mühüm məsələ Çinin Zəngəzur dəhlizinə dəstəyidir. Çinin İrana göstərə biləcəyi təzyiq Azərbaycan üçün kifayət qədər müsbət haldır. Hesab edirəm ki, bu mövzu da müzakirə olunub. Üstəlik, Ermənistanın “Bir kəmər, bir yol” layihəsinə marağı kifayət qədər əhəmiyyətlidir və İrəvan hökuməti Çinlə münasibətlərini davam etdirmək qərarına gəlib. Bu, Azərbaycan üçün də çox vacibdir. Ermənistanın belə yeni siyasət yürütməsi Cənubi Qafqazda sabitliyin qorunması, xüsusən də region ölkələri üçün həlledici əhəmiyyət kəsb edir. Sammitin ümumən bölgənin sabitliyi baxımdan çox müsbət keçdiyi deyilə bilər.