Çində meyvə ilə qidalanan yarasalarda yeni, ölümcül viruslar aşkarlanıb. Sözügedən viruslar Nipah və Hendra viruslarına bənzəyir. Hər iki virus yüksək ölüm halları ilə tanınır və insanlar üçün ciddi təhlükə yaradır. Hazırda virusların yarasalardan insanlara keçib-keçmədiyi dəqiqləşdirilir.
Bəs bu virusların Azərbaycanda yayılma riski varmı?
Mövzu ilə bağlı tanınmış terapevt Rasif Bağırov KONKRET.az-a açıqlamasında bildirib ki, virusların ölkəmizdə yayılması ehtimalı əsasən iki faktordan asılıdır:
1.Virusun insandan insana yoluxma qabiliyyəti
2.Xəstəliyin beynəlxalq səviyyədə yayılma sürəti
Əgər virus yalnız heyvandan insana yoluxursa, risk lokal olaraq qalır. Lakin əgər virus insandan insana da keçirsə ə bu proses sürətlə baş verirsə, o zaman təhlükə ciddi ola bilər.
“Çində yarasaların bəzi yerlərdə qida kimi istifadə olunması bu riskləri artırır. Bizdə isə belə hallar müşahidə edilmir. Yəni ilkin mərhələdə virusun birbaşa yarasalardan insanlara keçməsi ehtimalı aşağıdır. Bununla belə, əgər yoluxmuş şəxslər ölkəyə daxil olarsa və virusun insandan insana keçmə sürəti yüksəkdirsə, müəyyən yayılma riski yaranır”.
Mütəxəssis hesab edir ki, bu viruslar hələ ki, COVID-19 kimi yüksək yoluxuculuğa malik deyillər. Belə olduğu təqdirdə, virus lokal şəkildə yayıla və nəzarət altında saxlanıla bilər.
Qeyd edək ki, COVID-19 pandemiyası zamanı da əsas problem virusun sürətlə yayılması və vaxtında adekvat tibbi reaksiya verilməməsi idi. Bu səbəbdən R.Bağırov yeni viruslara qarşı həm səhiyyə sistemlərinin, həm də cəmiyyətin ayıq-sayıq olmasının vacibliyini vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az