Çin Ordusu Cənubi Çin dənizində Spratli arxipelaqındakı Nanşa adaları yaxınlığında hava məkanını pozan üç Filippin təyyarəsini ərazidən uzaqlaşdırıb.
KONKRET.az xəbər verir ki, bu barədə Çinin Cənub Zonası Döyüş Komandanlığının nümayəndəsi polkovnik Tian Junli bildirib:
“Fevralın 20-də Filippinə məxsus iki “C-208” və bir “N-22” təyyarəsi Çinin Nanşa adaları yaxınlığındakı hava məkanına daxil olub. Fillipin təyyarələri xəbərdarlıqdan sonra ərazidən uzaqlaşıb və vəziyyətə tam nəzarət edilir”.
Onun sözlərinə görə, Filippin əvvəlcə iğtişaşlar yaradır, sonra isə qanunsuz iddialarını irəli sürməyə çalışır:
“Cənub Zonası Döyüş Komandanlığının hərbçiləri yüksək hazırlıq vəziyyətindədir və Cənubi Çin dənizində milli suverenliyi, təhlükəsizliyi, sülhü və sabitliyi qətiyyətlə qoruyur”, deyə polkovnik vurğulayıb.
Vəli Həsənoğlu,
KONKRET.az