“Çoxu gəlib satıcı işləyir” – Xaricdə attestatla təhsil gənclərimizə nə verir?backend

"Çoxu gəlib satıcı işləyir" - Xaricdə attestatla təhsil gənclərimizə nə verir?

Bir neçə gün əvvəl ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb. Cari ildə 55656 abituriyent tələbə adını qazandı. Universitetə qəbul ola bilməyənlərin bəziləri isə çıxış yolunu attestatla xarici təhsil ocaqlarına qəbul olunmaqda görür. Xüsusilə də Türkiyə, Ukrayna, Almaniyaya və digər Avropa ölkələrinə gedənlərin sayı çoxluq təşkil edir.

Görəsən, universitetlərə attestatla qəbul olunanlar təhsillərini başa vurduqdan sonra ölkənin əmək bazarında təmsil oluna bilirlərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Səbuhi Abdullayev Azərbaycanda da attestatla təhsilin mümkünlüyünü vurğulayıb:

“Məlum olduğu kimi, ali təhsil müəssisələrinə qəbulun birinci mərhələsi yekunlaşıb. Universitetlərə, kolleclərə, həmçinin də peşə təhsil ocaqlarına yetərli qədər plan yerləri ayrılıb. Qeyd olunduğu kimi, qəbul ola bilməyən bəzi abituriyentlər isə attestatla Avropa və ya qonşu ölkələrə yollanırlar. Vurğulamaq istərdim ki, sözügedən üsulla peşə təhsil müəssisələrində yetərincə yaxşı ixtisaslara qəbul olmaq mümkündür. Dərslər yüksək səviyyədə tədris olunur və onların texniki imkanları yetərli qədərdir. Buna görə də xaricə üz tutmağa ehtiyac yoxdur”.

Ekspert xaricdə attestatla təhsilin tərəfdarı olmadığını qeyd edib:

“Attestatla xaricə üz tutanların sayı kifayət qədərdir. Bunun səbəblərindən biri başqa ölkədə təhsil almaqdırsa, ikinci məqam onların Azərbaycan universitetlərinə qəbul ola bilməmələridir. Amma üzərində çalışmayan birinin xaricə gedib nə dərəcədə yaxşı təhsil alacağı sual altındadır. Baxın, sözügedən ölkələrdə universitetlərə qəbul olmaq asan, lakin diplomu almaq, yəni oxumaq çətindir. Ona görə də bəziləri var ki, 1-2 ildən sonra təhsillərini yarıda saxlayıb, ölkəyə dönürlər. Əmək bazarında yerlərini tuta bilmirlər. Çoxu gəlib satıcı işləyir. Əgər Vətənə qayıtdıqdan sonra ciddi mövqelərdə olmaq istəyirlərsə, Dövlət Proqramından istifadə edə bilərlər”.

Ekspert “əcnəbilərin Azərbaycanda attestatla təhsil almaları mümkündürmü?” sualını da cavablandırıb:

“Açığı, Azərbaycan universitetlərini seçən əcnəbilərin sayında azalma var. Onlar hazırda Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakultələrinə üstünlük verirlər. Qeyd edim ki, ölkəyə gələn xarici tələbələrin sayının azalmasına səbəb yataqxana şəraiti və təhsil haqlarının yüksək olmasıdır”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*