Allah Ermənistanın da, Avropanın da tifağını dağıtsın, Amin! İndi soydaşlarımızdan biri durub deyəcək Ermənistanı bildik, bəs Avropanın günahı nədir? Həəə.. Əziz oxucu, Surət Hüseyov demiş “maa elə gəlir ki, “Avropanın günahı ermənilərin günahlarından az deyil. Avropanın Azərbaycan və bütünlüklə Şərq və İslam sivilizasiyası qarşında günahlarını saymaqla qurtarmaq olmaz. Ona görə də mən o günahları sayıb, qiymətli vaxtınızı almaq istəmirəm. Hərgah çoxlarınız onları bilr. Amma mən Avropanın bir günahını deyəcəm. Avropalılar əmələ görə yox, sözə görə adamlara qiymət verirlər. Yəni sən terrorçu ol, cəllad ol, dəxli yoxdur, təki Avropalıların (ABŞ-ın da) dediyini desin. Vəssəlam, işin düzələcək. Birdə ki, Nemət Pənahlı kimi natiq danış.
Görürsünüz də ABŞ və Avropa natamam-orta təhsilli Paşinyana necə qollarını açdı?! Hələ də Nikola sevgiləri tükənməyib. Yəni avropalılar özlərindən başqa digər ərazilərdə yaşayan insanların daha çox boş danışmaqlarını istəyirlər. Və nə yazıq ki, Avropanın bu siyasəti Azərbaycan cəmiyyətində özünə köklü yer tutub. İndi bizlərin çoxu da çalışır ki, ancaq danışsın. Yəni gündəm yaratsın, gündəmdə qalsın. Məsələn, 30 ilin siyasətçisi Cümşüd Nuriyev deyir ki, Putin Mişutsindən və Lavrovdan qorxur. 25 ilin “balıq Hafizi” deyir ki, Rüstəm Muradov Arayik Arutyunyanın arvadıdır. 20 ilin politoloqu və 6 ilin deputatı Elman Nəsirov deyir ki, gəlin PUA-lara heykəl qoyaq. Bu gün də eşidirəm ki, 30 ilin müxalifətçi-iqtisadçısı Qubad İbadoğlu deyir ki, “gəlin Azərbaycanla Ermənistan arasındakı sərhəddə daş hasar hörək, eynən ABŞ-la Meksika sərhəddində olduğu kimi”. Açığı yuxarıda adlarını çəkdiyim adamların fikirləri məni təəccübləndirməmişdi. Çünki onların bu tip çıxışlarına Məşədi İbad demiş “bir növ adətkərdəyəm”. Amma Qubad bəydən bu cür təklifi gözləmirdim. Ona görə ki, onu ciddi adam və savadlı bir iqtisadçı kimi tanıyırdım.
Görünür ABŞ-a, Avropaya tez-tez getməsi onun da fikirlərini qarışdırıb. O da son vaxtlar gündəmdə olmaq istəyir, yəqin. Yada ki, qardaşı kimi deputat olmaq eşqinə düşüb. Çünki 30 illik müxalifət həyatı onu da yordu. Üstəlik, Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin cahanşümul fəaliyyəti onun nə vaxtsa hakimiyyətə gəlmək arzusunun son işartılarını da söndürdü. Baxdı ki, bundan sonra hər nə olsa belə Azərbaycan xalqı İlham Əliyevə alternativ axtarmayacaq. Ona görə də Kərbalayı İsmayılın təbirincə müxalifətçi silahını atıb, iqtidar tərəfə keçmək istəyir. Olsun. Bir söz demirəm. Amma 30-35 ilin iqtisadçısının belə bir təklif verməsi ən yaxşı halda gülüş doğurur.
Birincisi, Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədinin uzunluğu 500 kilometrdən çoxdur. Qubad bəy bu uzunluqda məsafədə ən azı bir metr enində və 5-6 metr hündürlükdə hasarın Azərbaycan büdcəsinə neçə milyard manata başa gələcəyini görəsən hesablayıbmı?
İkincisi, ABŞ-Meksika sərhədindəki hasar ən yaxşı halda Çin səddinin anoloqu ola bilər. Onun indiki vaxtda heç bir hərbi-strateji əhəmiyyəti ola bilməz. Milyard dollarla vəsait hesabına iki ölkə arasında hasar tikilsə də, yenə də Meksikadan ABŞ-a narkotik maddələr də daşınır, qaçaqmaqlçılıq da davam edir.
Üçüncüsü, müasir zamanda problemi daş hasarlar yox, diplomatik vasitələr həll edir. Ermənistan bizim düşmənimizdir. Amma nə vaxta qədər? O vaxtadək ki, ermənilər torpaq iddialarına və türk düşmənçiliyinə son qoyacaqlar. Bunu Surxay Atakişiyev demir, bu fikri böyük Türkiyənin və qüdrətli Azərbaycanın dövlət başçıları deyir.
O ki, qaldı sərhədin keçilməz səviyyədə olmasına. Məncə, istər Rusiya, istər İran, istərsə də Gürcüstanla olan sərhədlərimizin pis qorunduğunu heç kim söyləyə bilməz. Ona görə də Qubad İbadoğlunun daş hasar ideyası gündəm yaratmaq istəyindən başqa bir şey deyil. Yox əgər doğrudan da Qubad bəy bu məsələdən narahatdırsa, onda mən bir təklif verim. Azərbaycanla Ermənistan arasındakı sərhədin mühafizəsi Türkiyəli qardaşlarımıza tapşırılsın. Bunun üçün də hüquqi əsaslar da var. Çünki Azərbaycanla Türkiyə “bir millət-iki dövlət” olmaqla yanaşı, həm də strateji müttəfiqdir. Və iki dövlət arasındakı sazişlərə görə Azərbaycanın belə bir hüququ var. Necə ki, Ermənistanın Türkiyə ilə sərhədini hazırda Rusiya ordusu qoruyur.
Ona görə də bu tip təkliflər ciddi dəstək qazana bilməyəcək. Əgər Qubad İbadoğlu doğrudan da nəsə bir iş görmək istəyirsə, qoy onda tanınmış iqtisadçı-alim kimi Dağlıq Qarabağ iqtisadi inkişafı üçün konseptual bir layihə işləsin. Bu da olsun vətəndaş təşəbbüsü…
Surxay Atakişiyev,
KONKRET.az