Çurbanovu tənqid edən, işindən qovulan, 8 gün sonra bəraət alan general – Zazulinbackend

Çurbanovu tənqid edən, işindən qovulan, 8 gün sonra bəraət alan general – Zazulin 

1966-1982-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinə rəhbərlik edn Nikolay Şelokov Brejnev klanının əsas simalarından biri olub. Ordu generalı baş katiblə yaxınlığı ilə yanaşı, həm də qalmaqallı hadisələrlə, DTK sədri Yuri Andropovla gərgin mübarizəsi, “milis qiyamı” və axırda intihar etməsi ilə yadda qalıb.

Şelokovun nazirliyə rəhbərlik etdiyi illərdə daxili işlər orqanlarında cəmiyyətdə böyük əks-səda yaradan hadisələr də az olmayıb.

Bu hadisələrdən biri isə 1978-ci il noyabrın 22-də baş verib.

Həmin gün nazirliyin böyük akt zalında müşavirə keçirilib. Nazir, nazir müavinləri və baş idarə rəislərinin iştirak etdiyi müşavirə ideoloji məsələlərə həsr olunub. Əməliyyat müşavirələrindən fərqli olaraq siyasi-ideoloji mövzulu yığıncıqlar adətən sakit keçib. Əvvəlcədən məruzəçilər müəyyənləşdirilib, çıxışlardan sonra Mərkəzi Komitəyə müraciət ünvanlanıb və bununla da iclas yekunlaşıb. Amma noyabrın 22-də keçirilən müşavirə tam fərqli olaraq başqa istiqamətə yön alıb.

Belə ki, müşavirə zamanı nazirliyin siyasi idarəsinin rəisi general-mayor Aleksey Zazulin çıxış etmək üçün nazirə müraciət edib. Şelokov heç bir tərəddüd etmədən onu tribunaya dəvət edib.

Çıxışının elə ilk cümlələrində general Zazulin “mürgüləyən” zalı diksindirərək az qala şoka salıb:

– Hörmətli müşavirə iştirakçıları, diqqətinizə çatdırmaq istəyirəm ki, son illərdə daxili işlər orqanlarında qeyri-sağlam bir atmosfer yaranıb. Rüşvət, korrupsiya halları baş alıb gedir, gizli sövdələşmələrlə qeyri-peşəkar kadrlar yüksək vəzifələrə gətirilir. Bütün bu xoşagəlməz hadisələrin başında isə Yuri Çurbanov durur. Çünki o özü qeyri-peşəkar, təsadüfi və səriştəsiz bir generaldır.

Bəli, söhbət Yuri Çurbanovdan gedib. Leonid İliç Brejnevin kürəkəni, daxili işlər nazirinin müavini Yuri Çurbanovdan.
Generalın çıxışı o qədər gözlənilməz olub ki, hətta Nikolay Şelokov belə təəcübündən məruzəçinin çıxışını kəsə bilməyib.
Elə həmin gün Şelokovun imzaladığı əmrlə Aleksey Zazulin vəzifəsindən azad edilib. Ancaq əmr yalnız 8 gün qüvvədə qalıb.
General Mərkəzi Komitəyə şikayət edib. Breynevlə görüşməyi mümkün olmasa da, o, müdafiə naziri, marşal Dmirti Ustinovla görüşərək yazdığı məktubu baş katibə ötürməyə nail olub. Brejnev Şelokova Zazulini işinə bərpa etmək göstərişi verib.

Baş katibin kürəkənini çəkinmədən tənqid edən Zazulin kim olub? Brejnev hansı səbəbdən onu yenidən işinə bərpa etdirib?
Aleksey Zazulin 1924-cü ildə Voronejdə anadan olub. Orta təhsilini başa vurduqdan sonra Borisolebski orta ixtisas aviasiya məktəbinə qəbul olunub. 1941-ci ildə müharibə başlayanda 17 yaşlı birinci kurs tələbəsi Zazulin könüllü olaraq cəbhəyə yollanıb. Müharibə başlanandan sona çatana qədər yalnız döyüş bölgələrində xidmət edib. Bu illər ərzində o, çoxsaylı dövlət təltifləri, orden və medallarla mükafatlandırılıb. 1945-ci ildə Moskvada keçirilən qələbə paradının iştirakçısı olub.

Müharibədən sonra Moskva Hüquq İnstitunu bitirən Zazulin jurnalistika sahəsində fəaliyyət göstərib. Qazaxıstanda Mətbuat Komitəsinin sədri vəzifəsində işləyib. Məhz həmin illərdən Brejnev Zazulini şəxsən tanıyıb. 1968-ci ildə SSRİ Daxili İşlər Nazirliyində siyasi idarə yaradılanda Zazulin bu qurumda xidmətə dəvət olunub və beləliklə, o, SSRİ Daxili İşlər Nazirliyinin ilk siyasi rəhbəri olub.

Zazulin nazirlikdə siyasi idarənin rəisi olanda Yuri Çurbanov onun tabeliyində, nazirliyin daxili qoşunlar baş idarəsində siyasi şöbənin rəis müavini vəzifəsində xidmət edib və elə həmin illərdə o, Çurbanova yaxşı bələd olub.

General Zazulin daxili işlər orqanlarından 1982-ci ildə təqaüdə göndərilib. Sonrakı fəaliyyətini jurnalistikaya həsr edib. Bu gün də 95 yaşlı gümrah general memuarlarını yazmaqla məşğul olur.

Aleksey Zazulinin ən yaxın dostlarından biri marşal Georgi Jukov olub. İki cəbhəçi dost kimi onlar tez-tez görüşüblər.

General Zazulin bir neçə kitabın, yüzlərlə məqalələrin müəllifidir.

Özünü xoşbəxt insan sayan general bu xoşbəxtliyin sirrini də açıqlayıb:

– Müharibəyə gedən mənim həmyaşıdlarımdan yalnız 3 faizi cəbhədən sağ qayıdıb. O qanlı döyüşlərdən sağ çıxmaq həqiqətən də həm möcüzə, həm də xoşbəxtlikdir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*