Daha iki itkin şəhidin nəşinin qalıqları torpağa tapşırılıb.
KONKRET.az AZƏRTAC-a istinadən xəbər verir ki, 30 il əvvəl Füzuli uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Tairov Seyfulla Veytulla oğlunun Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan nəşinin qalıqları doğulduğu Saatlı rayonunda torpağa tapşırılıb.
Şəhidin nəşinin büküldüyü üçrəngli Azərbaycan bayrağı qardaşına təqdim olunub.
Trend xəbər verir ki, 31 il əvvəl Şuşada – Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olan Veysəl Qasımov İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Xatırladaq ki, ötən ay Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. Onlardan biri də şəhid Veysəl Qasımovdur.
Edilli məzarlığında isə erməni vəhşiliyinə məruz qalaraq, məftil və kəndirlərdən istifadə edilməklə əl-ayağı bağlanaraq kütləvi şəkildə dəfn olunan 12 nəfərin qalığı tapılıb. İlkin baxışda kəllə sümüklərində küt alət izləri, həmçinin güllə və iti alətin deşdiyi izlər müşahidə olunub. Bu faktlar onu göstərir ki, erməni qəsbkarları əsir götürdükləri şəxsləri zorakılıqla qətlə yetirib və kütləvi formada basdıraraq cinayət izlərini ört basdır etməyə çalışıblar.