Darxan Kıdırəli: “Heydər Əliyev bir xalq, bir ölkə, bir qitə çərçivəsinə sığacaq lider deyildi”backend

Darxan Kıdırəli: “Heydər Əliyev bir xalq, bir ölkə, bir qitə çərçivəsinə sığacaq lider deyildi”

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli “Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr” mövzusunda beynəlxalq onlayn konfrans iştirak edib.

KONKRET.az-ın Mərkəzi Asiya Ölkələri üzrə bürosu xəbər verir ki, AMEA-nın təşkilatçılığı ilə Ümummilli lider Həydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş konfransı giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli açıb. Alim ulu öndər Heydər Əliyevin XX əsrin görkəmli siyasi və dövlət xadimi olduğunu, onun dünya liderləri səviyyəsində yüksək qiymətləndirildiyini bildirib. Qeyd edib ki, ulu öndərin adı haqlı olaraq müstəqil Azərbaycan Respublikasının adı ilə bərabər çəkilir: “Azərbaycanın son yarım əsrdən artıq bir dövrdəki inkişafının bütün hadisələri, əsas nailiyyətləri ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə birbaşa bağlıdır. Bu böyük düha bütün fəaliyyəti boyu dünyada və ölkəmizdə gedən siyasi prosesləri qabaqlayıb, xalqımızın milli maraqlarını və dövlətçilik mənafelərini hər şeydən üstün tutub, taleyüklü qərarlar qəbul edib”.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli “Türk xalqları arasında qarşılıqlı əlaqələrin inkişafında Heydər Əliyevin rolu” mövzusunda çıxış edib. O, dünya miqyaslı siyasətçi, türk dünyasının böyük övladı, Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin bütün həyatını Azərbaycan xalqının rifahına, dirçəlişinə həsr edərək ölməzlik qazandığını diqqətə çatdırıb. D.Kıdırəlinin sözlərinə görə, görkəmli siyasi liderin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi xarici siyasətini gücləndirməkdədir.

Akademiya prezidenti bildirib ki, Heydər Əliyev Azərbaycan və Qazaxıstanın çoxəsrlik dostluq əlaqələrinin möhkəmlənməsi üçün böyük işlər görüb. Türk dövlətlərinin inteqrasiyasına xidmət edən TÜRKSOY kimi qurumların yaradılmasında Heydər Əliyevin müstəsna xidmətləri olub. Eyni zamanda, böyük şair Məhəmməd Füzulinin 500, “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin UNESCO səviyyəsində keçirilməsi, türk dövlətləri başçılarının zirvə görüşlərinin təşkili, türk dünyası üçün onlarca taleyüklü məsələnin irəli sürülməsi və müzakirəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər “Manas” dastanını 1000, böyük qazax şair-filosofu Abayın 150, Əmir Teymurun 660, özbək yazıçısı Maqsud Şeyxzadənin 70 illik yubileylərinin birlikdə, yaxud Azərbaycanda qeyd edilməsi üçün şəxsən göstəriş verib.

Məruzəçi əlavə edib ki, görkəmli şəxsiyyət Heydər Əliyev türk dünyasının birliyinə heç zaman yalnız etnik köklərin ümumiliyinə əsaslanan mədəni-etnoqrafik birlik kimi baxmaqla kifayətlənməyib. O, türk dünyasının yüksəlişi barədə siyasi mövqeyini aydın və açıq şəkildə ortaya qoyaraq bildirib ki, özünün yeni yüksəliş dövrünü yaşayan çağdaş türk dünyası bəşər sivilizasiyasına yeni və misilsiz nümunələr vermək iqtidarındadır.

Beynəlxalq videokonfransda Şimali Kiprin Yaxın Doğu Universitetinin professoru Fəxrəddin Sadıqoğlu “Kiprdə Heydər Əliyev xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər”, Rusiyanın Rostov şəhərində yerləşən “Cənub Universiteti”nin (İdarəetmə, Biznes və Hüquq İnstitutu) rektoru, professor İmran Əkbərov “Azərbaycan-Rusiya münasibətlərinin formalaşmasında Heydər Əliyevin rolu”, Ərdahan Universitetinin rektoru, professor Ramazan Qorxmaz ”Heydər Əliyev və Azərbaycan-Türkiyə münasibətləri” mövzusunda məruzələrlə çıxış ediblər.

Bundan başqa, onlayn tədbirdə Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə, Fəlsəfə İnstitutunun direktor müavini Eynulla Mədətli və digər alimlərin məruzələri dinlənilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*