Delsi Rodriqes Karakasda ölkənin Milli Assambleyasında Venesuelanın müvəqqəti Prezidenti vəzifəsinə and içib.
KONKRET.az report-a istinadən xəbər verir ki, parlament andiçməni canlı yayımlayıb.
“Mən Venesuela Bolivar Respublikasının konstitusiya ilə Prezidenti Nikolas Maduro Morosun icraçı vitse-prezidenti kimi and içmək üçün bura gəldim. Bunu vətənimizə qarşı qanunsuz hərbi təcavüz nəticəsində Venesuela xalqına vurulan əzab-əziyyətə görə ağrı ilə edirəm”, – Rodriqes mərasimdə bildirib.
Səlahiyyətli şəxs Maduronu və onun həyat yoldaşı Siliya Floresi ABŞ-də girov saxlanılan qəhrəmanlar adlandırıb.
“Şərəfimlə and içirəm ki, Venesuelanın azad, suveren və müstəqil bir millət kimi öz arzusuna çatdığını görənə qədər dayanmayacam”, – o deyib.
Daha əvvəl Venesuela Ali Məhkəməsi vitse-prezident D.Rodriqesi müvəqqəti dövlət başçısı təyin edib. Bu qərar Ali Məhkəmənin Konstitusiya Palatası tərəfindən 3 yanvar 2026-cı il tarixində baş verən xarici hərbi təcavüz və Venesuelanın konstitusiyalı Prezidenti Nikolas Maduronun oğurlanması ilə əlaqədar qəbul edilib.
