Ukraynada Kiyevin Peçersk Rayon Məhkəməsi Ali Radanın deputatı Oleksandr Dubinskini dövlətə xəyanət işi üzrə iki ay müddətinə həbs edib.
KONKRET.az xəbər verir ki, bununla bağlı Ukrayna Dövlət İstintaq Bürosunun (DİB) mətbuat xidməti məlumat yayıb.
Məhkəmə Dubinskiyə qarşı irəli sürülən ittihamların əsaslı olduğunu və deputatın həbsdə saxlanması üçün kifayət qədər sübut olduğunu qəbul edib. Peçersk məhkəməsinin qərarını şərh edən Dubinski qeyd edib ki, “prokurorluğun təqdim etdiyi arqumentlərdə mənim dövlətə xəyanətimi sübut edən bir dənə də olsun fakt yoxdur”.
“Bütün bu saxta ittihamlar ilyarım əvvəl “Derkaç işi” ilə bağlı istintaqla razılığa gələn şəxsin ifadəsinə əsaslanır. O, üzvü olduğu cinayət təşkilatının yaradılması ilə bağlı bütün ifadələri verib. Bu materiallar araşdırılıb, onlar da Şevçenkivski məhkəməsinə təqdim edilib”.
Dubinski onu da bildirib ki, bütün bu materiallar saxtalaşdırılıb: “Hakimiyyəti tənqid etdiyim üçün siyasi təqiblərə məruz qalmışam”.
Müstəntiqlər isə hesab edir ki, Radanın keçmiş deputatı Andriy Derkaç və Ukrayna Baş Prokurorluğunun əməkdaşı Konstantin Kulikinin də daxil olduğu bu qrup “təcavüzkar dövlətin xeyrinə informasiya və təxribat fəaliyyəti” həyata keçirib. Xüsusilə Dubinski iştirak etdiyi ictimai tədbirlərdə Ukraynanın ali hərbi-siyasi rəhbərliyi haqqında şayiələr yaymaqda ittiham olunur. Nümunə kimi Ukrayna Baş Prokurorluğu 2019-cu ilin noyabrında keçirilən və Dubinski ilə Derkaçın iştirak etdiyi mətbuat konfransını göstərib.
Qeyd edək ki, Dubinski ötən ilin yayında SBU tərəfindən Ukraynanı ələ keçirmək üçün Rusiya kəşfiyyatından pul almaqda ittiham edilib və oktyabr ayında qiyabi həbs olunub.
Rəsmiyyə Şərifova,
KONKRET.az