Deputat həbs edilən məmurlardan danışdı: “Heç kim qanunlardan üstün ola bilməz” – MÜSAHİBƏbackend

Deputat həbs edilən məmurlardan danışdı: "Heç kim qanunlardan üstün ola bilməz" - MÜSAHİBƏ  

Deputat Nəsib Məhəməliyev KONKRET.az-ın suallarını cavablandırıb.

-Nəsib bəy, bilirsiniz ki, cənab Prezident tərəfindən aparılan islahatlar növbəti mərhələyə qədəm qoyub. Vəzifəsindən və səlahiyyətindən sui-stufadə edən şəxslərin həbsləri davam edir. Bu həbslər növbəti mərhələlərdə də davam edəcəkmi?

– Cəmiyyətin bütün sahələrini əhatə edən köklü islahatlar 2018-ci ilin Prezident seçkilərindən sonra başladı. Ölkə başçısı çoxsaylı çıxışlarında Azərbaycanın dövlət idarəetmə sistemindən tutmuş, qanunverici, icraedici, hüquq-mühafizə, məhkəmə orqanlarında əsaslı islahatlar aparılmasının vacibliyi barədə bəyanatlar səsləndirdi. Azərbaycan xalqını narahat edən, ümumi inkişafımıza mane olan neqativ halların aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sivil normalarla tənzimlənməsi, vətəndaş məmnunluğunun təmin olunması üçün konkret addımlar atıldı. Tamamilə yeni formatda şəffaflıq şəraitində həyata keçirilən kadr təyinatlarında, yerlərdə ictimaiyyətin nümayəndələri ilə görüşlərdə cənab Prezident dəfələrlə məmurların fəaliyyətlərində dönüş yaradılması, əhalini narahat edən problemlərin həlli ilə məşğul olmaları ilə bağlı xəbərdarlıqlar etmişdir. Təəssüf ki, bir çox məmur xəbərdarlıqlardan nəticə çıxarmamış və cinayətkar fəalliyyətlərini davam etdirmişlər. Nəticə göz qabağındadır. Ölkə başçısı göstərdiyi siyasi iradə nəticəsində sübut etdi ki, heç kim qanunlardan üstün ola bilməz və vəzifəsindən sui-istifadə edən istənilən məmur qanun qarşısında məsuliyyət daşıyır. Heç kimin şəxsi marağı dövlət maraqlarından üstün ola bilməz. Son hadisələr də göstərdi ki, kimliyindən asılı olmayaraq, qanunları pozan şəxslər müvafiq şəkildə cəzalarını alacaqlar. Şübhə ola bilməz.

-Növbəti hansı sahədə islahatların aparılması gözlənilir?

-Ümumiyyətlə islahatlar davam edir. Düşünürəm ki, kadr islahatları daha çevik şəkildə davam etdiriləcəkdir. Gənclərin rəhbər vəzifələrə irəli çəkilməsi, cəmiyyətdə şəffaflığa, sosial ədalət prinsiplərinin qorunmasına xidmət edir. Korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə böyük effekt verir və ictimaiyyət tərəfindən müsbət qarşılanır.

-Yeni təyin edilənlər keçmiş icra başçıların rayonlarda yaratdığı mənfi ab-havanı aradan qaldırıb, insanlarda yenidən icra strukturlarına olan inamı bərpa edə biləcəklərmi?

-Yeni təyin olunan icra başçılarının fəaliyyətləri barədə mənfi nəsə eşitməmişəm. Onların əksəriyyəti ölkə başçısının tövsiyə və tapşırıqlarını yerinə yetirirlər və fəaliyyətlərini bu günki tələblərə uyğun qururlar. Hesab edirəm ki, bu təyinatlar bütövlükdə cəmiyyətin saflaşmasına, bütövləşməsinə xidmət etməklə icra orqanlarına olan inamı bərpa edəcəklər. Burada struktur islahatlarının da aparılması vacibdir.

-Nəsib bəy, ermənilərin son dövrlər təxribatları artıb. Əsas bu təxribatlar cəbhə boyu bölgələrlə yanaşı Tovuz istiqamətində olur. Sonuncu Goranboyda törədilən təxribat zamanı Rusiya müdafiə naziri Ermənistanda rəsmi səfərdə idi. Ən önəmlisi isə qondarma rejimin rəhbərliyi Gəncəni vurmaqla hədələdi. Bütün bu təxribatlar və sərsəm açıqlamalar ikinci Qarabağ müharibəsinin başlamasına səbəb ola bilərmi?

-Belə sərsəm bəyanatlar əvvəllər də ermənilər tərəfindən səsləndirilmişdir. 2016-cı ilin aprel döyüşlərində, Naxçıvanda, Tovuz istiqamətində gedən döyüşlərdə və bu günlərdə Goranboy istiqamətində kəşfiyyat-diversiya qrupunun zərərsizləşdirilərək, komandirləri əsir alınanda və digər çoxsaylı təxribatlarda düşmən Azərbaycan əsgərinin nəyə qadir olduğunu, hansı silahlarla vuruşduğunu gördü. Əgər belə olmasaydı, bir balaca gərginlik yaranan kimi yardım üçün başqa ölkələrə müraciət etməzdi. Cənab Prezident Balakəndə “Asan” xidmətin açılışında tam açıqlığı ilə Ermənistana müraciət etdi. Əgər bacarırsınızsa, gəlin təkbaşına müharibə edin. Kimin güclü olduğu onda bilinər. Düşmən bu bəyanata cavab vermək üçün özündə güc tapmadı. Amma qorxusundan cəfəng fikirlər səsləndirməklə məşğuldur. Onlar başa düşürlər ki, Gəncəni vurmağa cəhd etsələr, Naxçıvandan İrəvan və bir çox strateji nöqtələr kifayət qədər yaxın məsafədədirlər. Bütövlükdə Ermənistanı yox etmək üçün Azərbaycan Ordusunun əlində kifayət qədər imkanlar mövcuddur. Müharibə başlasa, qısa müddət ərzində torpaqlarımızı azad edəcəyik.

-Bu gün əsas müzakirə olunan məsələlərdən biri də uşaqpulunun yenidən bərpa olunması məsələsidir. Payızda bununla bağlı dinləmələrin keçirilməsi gözlənilir. Uşaqpulu yenidən bərpa edilə bilərmi?

-Bu məsələ bir neçə dəfə Milli Məclisdə də müzakirə olunub. Payız sessiyasının gündəliyi təsdiq olunmayıb. Mən də belə bir məlumat yoxdur.

-Azərbaycanda 7 aydan çoxdur karantin rejiminə görə toyların keçirilməsi qadağan olunub. Pandemiya nə zaman bitməsi bəlli deyil. Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın iki il çəkəcəyi ilə fikirlər səsləndirib. Belə olan halda toyların keçirilməsinin daha 2 il də qadağa qoyulması müəyyən problemlərə səbəb ola bilər. Bu məsələ necə həll edilməlidir?

-Hesab edirəm ki, yeni ailə qurmaq üçün mütləq çoxsaylı insanların iştirakı ilə təmtəraqlı toy məclislərinin keçirilməsi mütləq şərt olmamalıdır. Xoşbəxtlik onunla ölçülmür və bir-birilərini sevən gəncləri beş-altı nəfər ailə üzvlərinin iştirakı ilə öz səadətlərinə qovuşmaq üçün şərait yaradılmalıdır. Toyu isə, dünya praktikasında olduğu kimi, əgər çox arzulasalar, pandemiyadan sonra təşkil edə bilərlər. Hələlik karantin rejiminin qaydalarına hamı əməl etməlidir.

-Milli Məclisin payız sessiyasında daha çox hansı qanunların müzakirə olunmasını və qəbul edilməsini istərdiniz?

-Hal-hazırda Azərbaycan dövlətinin və cəmiyyətinin inkişafı üçün lazım olan əksər qanunlar qəbul olunub. Zərurət yarandıqda zamana və şəraitə uyğun lazım olan qanunların qəbul olunması gündəliyə uyğun şəkildə təmin olunacaqdır.

-Pandemiyadan sonra maaş, pensiya və təqaüdlərin yenidən artırılması gözlənilirmi?

-Pandemiya bütün dünyada, o cümlədən Azərbaycanda iqtisadi fəallığı aşağı salmışdır. O baxımdan düşünürəm ki, təsdiq olunmuş sosial layihələrin tam icrası indiki şəraitdə olduqca böyük müvəffəqiyyətdir və ölkəmizin bütün sosial öhdəlikləri yerinə yetirəcəkdir.

-Bu gün təəssüf ki, rayondakı insanların Bakıya axını var. Bir çoxlarının Bakıya gəlməsinin əsas səbəbi işlə bağlıdır. Bakının bununla bağlı yükünü azaltmaq üçün bölgələrdə hansı addımların atılmasına ehtiyac var?

-Urbanizasiya problemi, ümumiyyətlə dünyanın əksər ölkələri üçün xarakterikdir. Ölkəmizdə bu problem kəskin deyil. Əvvəllər axın böyük idi. Ancaq dövlət başçısının təsdiq etdiyi ”Regionların sosia-iqtisadi inkişafı ilə” bağlı 4 proqramın icrası nəticəsində əksinə bölgələrə qayıdış sürətlənmişdir. Bölgələrdə əhalinin normal yaşayışı üçün lazımi infrastruktur yaradılmışdır. Düşünürəm ki, bölgələrdə yeni iş yerlərinin açılmasına, ələlxüsus özünü məşğulluq proqramlarının genişləndirilməsinə diqqət artırılmalı, sahibkarlığın inkişafı təşviq olunmalıdır.

-Bu gün seçiləriniz daha çox hansı problemlər və qurumların fəaliyyətsizliyi ilə bağlı sizə müraciət edirlər?

-Seçicilər daha çox müxtəlif yardımlar, internet, elektrik enerjisi, içməli su, təhsil haqqları, tibbi əməliyyatlar, məktəb, bağça, yol tikintisi və s. məsələlərlə bağlı müraciət edirlər. Rayon əhalisini narahat edən əsas problemlərlə bağlı hörmətli Baş nazirə məktubla müraciət etmişəm və onların həlli istiqamətində işlər aparılır.

Nərgiz Mirzəyeva

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*