“Diplomatik pərdələnmə gözləmədən hər kəsi öz adı ilə çağıra bilirik” – Bəhruz Məhərrəmovbackend

"Diplomatik pərdələnmə gözləmədən hər kəsi öz adı ilə çağıra bilirik" - Bəhruz Məhərrəmov

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən Azərbaycanın milli maraqlarına əsaslanan olduqca açıq fikirlər səsləndirib”.

Bunu KONKRET.az-a danışan Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Bəhruz Məhərrəmov bildirib.

Deputat qeyd edib ki, dövlət başçısının mövqeyi kifayət qədər sərt görünsə də, özlüyündə beynəlxalaq hüququn dövlətin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq, ölkələrin BMT Nizamnaməsinə uyğun olaraq bir-biri ilə əməkdaşlıq etmək, dövlətlərin suveren bərabərliyi və nəhayət dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq öz üzərlərinə götürdükləri öhdəlikləri vicdanla yerinə yetirməsi kimi əsas prinsipləri ilə tam mənada uzlaşır: 

“Dövlət başçısı Yunanıstan-Azərbaycan əlaqələrinin hazırkı səviyyəsi ilə bağlı real vəziyyəti və bu istiqamətdə düşüncələrini açıqlamaqla əslində yeni bir səhifə başlatmış oldu. Əlbəttə diplomatik ritorika çox vacibdir. Lakin, ondan da vacib olan Azərbaycanın milli maraqlarıdır ki, diplomatik qaydaları yüksək səviyyədə bilən və daim bu qaydalara riayət edən cənab prezident İlham Əliyev bir daha nümayiş etdirdi ki, milli maraqla bağlı olan mövzuda qapalı və qaranlıq heç bir məqam ola bilməz”.

Deputat vurğulayıb ki, dövlət başçısı Azərbaycan-Yunanıstan münasibətlərinin mövcud durumundan narazılığını dilə gətirdi və bunun da çox sadə 3 səbəbini göstərdi:

“Birincisi, Yunanıstanın əvvəlki hökumətinin Azərbaycana soyuq münasibəti. Bəllidir ki, radikal solçu qüvvə mərkəzi olan Siriza və türklərə münasibətdə kəskin mövqeyi olan sabiq baş nazir Aleksis Tsipras qatı millətçilik nümayiş etdirmiş, Azərbaycana münasibətdə beynəlxlaq iqtisadi əməkdaşlıq və beynəlxlaq ticarət qaydalarını kobud surətdə pozmuşdur.

İkinci mühim amil, Yunanıstanın, Kipr və Ermənistanla birlikdə üçlük format yaradaraq Azərbaycana qarşı fəaliyyət göstərməsi ilə şərtlənir.  BMT-nin qətnamələri habelə Avrasiya məkanında mövcud olan regional və beynəlxlaq mexanizmlər tərəfindən işğalçı kimi tanınmış bir dövlətlə əməkdaşlıq əslində işğala və terrora dəstək verməkdir. Rəsmi Bakının Prezident səviyyəsində aşkar formada problemi dilə gətirməsi, habelə bu kontekstə eyni zamanda Ermənistana çoxsaylı yük reysləri həyata keçirilməsinə görə Rusiya və onun üçün hava məkanını açan Xəzəryanı dövlətlərin adını çəkməsi Azərbaycanın haqq səsini ucaltması idi. Burada diqqət yetirilməli olan mühüm nüanslardan biri də odur ki, əvvəlki dövrlərdən fərqli olaraq bu gün gücümüz, nüfuzumuz bizə imkan verir ki, bizimlə eyni cərgədə olmayanların adını rahat formada çəkə, diplomatik pərdələnmə gözləmədən hər kəsi öz adı ilə çağıra bilirik.

Dövlət başçısının çıxışında vurğuladığı, münasibətlərimizin asılı olduğu ən vacib meyar isə Türkiyə məsələsidir. Azərbaycan Prezidenti son-zamanlar Şərqi Aralıq dənizi mövzusunda gərginləşən yunan-türk münasibətləri zəminində Türkiyənin mövqeyini qəti şəkildə dəstəklədiyini açıq formada elan etməklə, Azərbaycanın da qətiyyətlə qardaş ölkənin yanında olduğunu göstərmişdir. Bu özlüyündə həm də diplomatiya tarixində az rast gəlinən dürüstlük göstəricisi idi və cənab Əliyev aşkar formada Azərbaycanın möveyini elan etməklə həm rəsmi Ankaraya növbəti dəfə dəstəyini nümayiş etdirmiş oldu, həm də beynəlxlaq aləmdə Azərbaycanın ikili standartlardan, diplomatik riyakarlıqdan uzaq, verdiyi qərarların arxasında tam məsuliyyəti ilə dayanan bir ölkə olduğunu göstərdi”.

Bəhruz Məhərrəmov söyləyib ki, məlumdur ki, Azərbaycan özü illərdir Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına cavabdeh olan dövlətlərin saxtakar münasibət sərgiləyərək işğal faktına göz yumması və işğalçı Ermənistana birbaşa və dolayı yardımları formasında bu cür riyakarlıqla üz-üzədir:

“Əlbəttə bütün bunların fonunda elə görüntü yaranmamalıdır ki, Azərbaycan Yunanıstanla əlaqələrin yenidən aktiv fazada bərpasının əleyhinədir. Əsla. Əgər dövlət başçısı bu ölkənin yeni təyin edilmiş səfirinin etimadnaməsini diplomatik etiketin bütün tələblərinə yüksək səviyyədə riayət olunmaqla qəbul edirsə, əlbəttə bu, bizim tərəfimizdən xoş niyyətdir. Lakin, dövlət başçısı açıq formada qeyd etdi ki, münasibətlərin növbəti fazası Yunanıstan hökumətinin siyasəti və mövqeyindən asılı olacaq. Əgər Yunanıstanın yeni hökuməti əvvəlki hökumətin Azərbaycana qarşı siyasətini yenidən nəzərdən keçirəcəksə, biz təmasları bərpa edə, müsbət dinamika yaradan məsələləri müzakirə edə bilərik.

Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi məsələyə parlament diplomatiyası prespektivinin dövlət başçısının yanaşmasından fərqli olduğunu düşünmürəm. İlk olaraq ona görə ki, Konstitusiyamızın 8-ci maddəsinə əsasən, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini Respublikanın Prezidenti təmsil edir və dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısı da odur. İkincisi, cənab İlham Əliyevin səsləndirdiyi fikirlər və nümayiş etdirdiyi siyasi iradə birbaşa milli maraqların müdafiəsinə yönəlib. Qanunvericilik hakimiyyətini həyata keçirən Azərbaycan Respublikasının Milli Məclisinin də fəaliyyət məqsədlərində milli maraqlardan daha üstün heç bir meyar yoxdur. Bu baxımdan parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq dövlət başçısının mövcud mövqeyini birmənalı müdafiə edir, bu yanaşmanı parlamentlərarası işçi qrupunun üzvlərinin bundan sorakı fəaliyyəti üçün yol xəritəsi hesab edirik”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*