DİQQƏT! Beyin axınının qarşısı ancaq bu şəkildə alına bilərbackend

DİQQƏT! Beyin axınının qarşısı ancaq bu şəkildə alına bilər

Bu gün cəmiyyəti narahat edən ən vacib məsələlərdən biri ölkədən xaricə kütləvi şəkildə beyin axınının baş verməsidir. Belə ki, məlum və məchul səbəblərdən istedadlı gənclər təhsil almaq üçün ölkə xaricinə gedir və geri qayıtmır. Daha çox təhsil aldıqları ölkəyə xidmət etmək yolunu tuturlar. Bu isə gənc və perspektivli kadrları itirdiyi üçün dövlətimizin gələcəyi baxımından narahatlıq doğurur. Bəs bunun səbəbləri nədir və qarşısını necə almaq olar?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov KONKRET.az-a açıqlamasında bildirib ki, hazırda qarşıda duran ən önəmli məsələlərdən biri Azərbaycandan xaricə beyin axınının qarşısının alınmasıdır:

 

“Təəssüflə qeyd etmək lazımdır ki, bu gün bu proses açıq şəkildə özünü göstərir. Yəni savadlı, bilikli gənclərimiz xaricə üz tutur, təhsil almağa, işləməyə gedirlər. Səbəb isə müxtəlifdir. Daha dəqiq desək, həm xaricdə maaşın yüksək olması, həm də bir sıra hallarda bəzi dövlət və özəl qurumlarda işlə bağlı ədalətsizliyin baş verməsidir. Bu mənada bu məsələyə çox böyük diqqət və həssaslıqla yanaşmalıyıq”.

Deputat hesab edir ki, savadlı və perspektivli gənclərin xaricə kütləvi axınının qarşısını almaq üçün ciddi və real addımlar atılmalıdır: “Əslində bu, çox önəmli məsələdir və gələcəkdə bizim üçün ciddi problem yarada bilər. Xarici təşkilatlar, qurumlar savadlı, bilikli gənclərin ölkələrinə cəlb olunması üçün fəal sistem qurublar və iş aparırlar. Ona görə də düşünürəm ki, ölkəmizdə də bununla bağlı müəyyən tədbirlər planının hazırlanmasına və həyata keçirilməsinə ehtiyac var. Yəni biz bu addımları ataraq prosesin qarşısını müəyyən mənada ala bilərik. Həm Elm və Təhsil Nazirliyi, həm də Azərbaycan Milli Elmlər Akademiyası bu istiqamətdəki səylərini mütləq şəkildə gücləndirməlidir ki, bu prosesin qarşısını ala bilək”.

Türkiyənin Qazi Universitetinin doktorantı, təhsil eksperti Şəhla Aslan isə bildirib ki, beyin axını probleminin əsas mənbəyi ölkənin yüksək ixtisaslı kadr hazırlama sistemi ilə iqtisadiyyatının ehtiyac duyduğu insan resursları arasında koordinasiyanın olmamasıdır:

 

“Daha yaxşı yaşam gözləntisi, yüksək maaş, iqtisadi rifah, xaricdə daha keyfiyyətli təhsil almaq fürsəti, elmi tədqiqat imkanlarının cəlbediciliyi kimi amillər beyin axınının əsas səbəbləridir.

Digər tərəfdən, günümüzdə texnologiya və nəqliyyat sahəsindəki inkişafın beynəlxalq mobilliyi asanlaşdırdığı bir həqiqətdir. İndiki vaxtda xaricə səfər etmək və istədiyi vaxt geri qayıtmaq ötən onilliklərlə müqayisədə çox asandır. Bununla da öz ölkələrində dəyər görməyən insanlar bacarıqlarının başqa bir ölkədə daha yüksək səviyyədə qiymətləndiriləcəyini düşünərək asanlıqla öz ölkələrini tərk edirlər. Beyin axını xüsusilə gənc nəsildə müşahidə olunur.
Çağımızda özlərinə böyük dəyər verən gənc nəsildə sosial və ya mədəni çətinliklərə tab gətirmək əzminin aşağı olduğu müşahidə edilir. Ali təhsilin verdiyi sosial sərmayə, texnoloji bacarıqlar, dil bilikləri bu gənclərin özünə inamını və dəyər gözləntisini daha da artırır. Belə gənclər iqtisadi həyatda “mükafatsız” qaldıqlarını düşünərək, başqa ölkələrə üz tuturlar”.

“Prosesin qarşısını almaq üçün Elm və Təhsil Nazirliyi, həmçinin, AMEA hansısa layihə hazırlaya bilərmi?” sualına isə müsahibimiz belə münasibət bildirib: “Beyin axını ölkələrin iqtisadi və sosial inkişafına ciddi şəkildə mənfi təsir göstərir. İxtisaslı işçi qüvvəsinin itirilməsi nəticəsində elmi-tədqiqat, təcrübə-konstruktor işləri azalır, ölkələrin texnoloji və elmi tərəqqisi yavaşlayır.

Bu baxımdan, məsələn, Azərbaycanda universitetlərdə və ya AMEA-nın institutlarında elm adamları beyin axını mövzusu ilə bağlı ciddi tədqiqatlar aparmalı, mövcud problemin səbəbləri araşdırılmalı, alternativ həll yolları təklif edilməlidir. Düşünürəm ki, müxtəlif sahələrdə təhsil almış ixtisaslı insanları başqa ölkələrdə çalışmağa sövq edən səbəblərin aşkara çıxarılması istiqamətində aparılan elmi tədqiqatlar faydalı ola bilər.

Eyni zamanda, insanların gəlirləri, rifah halı yüksəldilməli, məşğulluq səviyyəsi, həmçinin, dövlət tərəfindən təhsilə ayrılan büdcənin miqdarı artırılmalı, ölkədə təhsil alanlara maddi dəstək verilməlidir. Ayrıca, xaricdə keyfiyyətli təhsil alıb, mütəxəssis olan kadrlar ölkəyə dəvət olunmalı, normal iş imkanı yaratmaqla onların bilik-bacarıqlarından istifadə edilməlidir.

Digər tərəfdən, beyin axınının qarşısının alınması istiqamətində dövlət tərəfindən təşviqedici proqramlar hazırlanmalıdır. İlk növbədə struktur qüsurları aradan qaldırılmalıdır. İstər avadanlıq səviyyəsi, istərsə də maaş və təqaüdlər xaricdəki uğurlu nümunələr səviyyəsinə uyğunlaşdırılmaldır. Əks halda, beyin axınının qarşısı alına bilməz. İqtisadi qeyri-adekvatlıq insanları beyin axınına sövq edən mühüm səbəb olsa da, bundan daha böyük amil var ki, o da firavan mühit axtarışıdır. Bu baxımdan, beyin axınınını azaltmaq üçün istər ali təhsil müəssisələrinin, istərsə də ixtisaslı işçi qüvvəsini işə götürə bilən digər qurumların iş şəraitinin xarici analoqları ilə müqayisə oluna biləcək səviyyəyə çatdırılması məsələsi prioritet hədəf olmalıdır”.

Mərahim Nəsib,

KONKRET.az

  • Ramil
    Oktyabr 17, 2023 - 17:29

    Çox səbəblər,çox bəhanələr ,çox məsələlərlə əlaqələndirə bilərlər,
    amma həqiqət fərqlidir, bütün bunların arxasında birinci dərəcədə, reəllıgda ,maliyə məsələsi durur.beləki heç dağa daşa düşmədən kimisə də axtarmadan ,özümnən və yaxın zamandakı planlarımdan danışım.ozüm aviasiya üzrə mütəxəssis, h/y-m isə 100 lərcə insanı xərçəng xəstəliyindən qurtaran bir həkim və bizim ailənin aylıq gəliri 500 və 850 yanı toplam 1350 manatdır.hansı ki,bizim kimi mütəxəssislər yaxın -uzag xaricdə bizim illik məvacibimizi 1 aya qazanırlar,və bu da işini bilən,aglı başında olan ,imkanı olan bir adamı seçim qarşısında qoyur.qalıb çətinlik gərginlik içində yaşayıb öz millətinə qulluq etmək və ya hər bir təminatı alaraq ,yaxşı bir məvaciblə,tam rahat bir şəkildə işləyərək almana ,ingilisə var yaxud bəşqa bir millətə xidmət etmək.
    Bununla da ,hər hansı bir sahənin mütəxəssisini qoruyub saxlamaq və inkişaf etdirmək məqsə di ilə,1 çi dərəcədə onun yaşamını,iş şəraətini,məvacibini yaxşılaşdırmaq lazımdır!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*