Borc münasibətlərində tərəflər arasında razılaşmanın detalları, xüsusilə də ödəniş müddəti gələcəkdə yarana biləcək mübahisələrin əsas səbəblərindən biri hesab olunur. Bəzən müqavilədə borcun qaytarılma vaxtı göstərilmir ki, bu da həm borcverən, həm də borcalan üçün hüquqi qeyri-müəyyənlik yaradır.
Belə hallarda qanunvericilik hansı qaydaları müəyyən edir və borc həqiqətən istənilən vaxt tələb oluna bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Elşad İsayev bildirib ki, bu məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

Elşad İsayev
Onun sözlərinə görə, məcəllənin 742.2-ci maddəsinə əsasən, əgər müqavilədə qaytarılma müddəti müəyyən edilməyibsə, borcverən vəsaitin geri qaytarılmasını istənilən vaxt tələb etmək hüququna malikdir.
Hüquqşünas qeyd edib ki, bu zaman borcalanın da konkret öhdəliyi yaranır:
“Tərəflər arasında əlavə razılaşma ilə daha uzun müddət nəzərdə tutulmayıbsa, borcalan borcu 1 ay ərzində qaytarmalıdır. Bununla yanaşı, borca görə hesablanan faizlər və digər ödənişlər də həmin müddətdə ödənilməlidir.”
Ekspert vurğulayıb ki, bu kimi hallarda tərəflər arasında yazılı razılaşmanın olması gələcək mübahisələrin qarşısını almaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Müşviq Tofiqoğlu
KONKRET.az
