Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ali hərbi rütbələrin geri alınması müəyyən hallarda mümkündür. Bu məsələ “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun və Prezidentin sərəncamları ilə tənzimlənir. Bəs, hansı hallarda, ali hərbi rütbələr geri alına bilər?
Mövzu ilə bağlı vəkil Tağı Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, mövcud qanunvericiliyə görə, ali hərbi rütbələr aşağıdakı hallarda geri alına bilər.
“1.Cinayət və dövlətə xəyanət – Şəxsin ağır cinayət törətməsi və ya dövlətə xəyanət etməsi sübuta yetirilərsə, onun ali hərbi rütbəsi ləğv edilir.
2.Xidməti borcların kobud şəkildə pozulması – Əgər ali rütbəli hərbi qulluqçu vəzifə borclarını ciddi şəkildə pozaraq hərbi xidmətin nüfuzuna və fəaliyyətinə zərər verərsə, bu, rütbənin geri alınmasına əsas yaradır.
3.Etibarsızlıq halları – Korrupsiya, vəzifədən sui-istifadə, qeyri-etik davranışlar və digər hallar şəxslərin rütbəsinin geri alınması üçün əsasdır.
4.Prezidentin sərəncamı ilə – Ali hərbi rütbələrin verilməsi və geri alınması birbaşa Azərbaycan Respublikası Prezidentinin səlahiyyətindədir. Prezident şəxsin fəaliyyətinə və davranışına əsaslanaraq rütbənin geri alınması barədə qərar verə bilər”.
Vəkil qeyd edir ki, bu mexanizmlər hərbi sistemin intizam və məsuliyyət prinsiplərinə əsaslanaraq formalaşdırılıb.
“Bu cür hallar nadir olsa da, dövlətin təhlükəsizliyi və hərbi strukturun etibarlılığı baxımından mühüm əhəmiyyət daşıyır”.
Aynurə İsmayıl
KONKRET.az