Son 5 ildə Azərbaycanda əhalinin adambaşına düşən kredit borcu (istehlak və ipoteka) 2 dəfədən çox, kredit hesablarının həcmi isə 3 dəfəyədək artıb. Bildirilir ki, bu müddətdə adambaşına düşən gəlirlərin artımı heç 50 faiz də olmayıb. Yəni əhalinin borclanma sürəti onların qazanma sürətini üstələyir. Digər tərəfdən, 2020-2025-ci illərdə adambaşına düşən gəlirlərdə kredit borcunun payı 11,2%-dən 17,3%-ə yüksəlib.
Kredit alanların artması hansı risklərə yol açır? Borcalanların sayını azaltmaq üçün kreditlərlə bağlı hansı sərt qaydalara ehtiyac var?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, son illərdə Azərbaycanda kreditləşmənin sürətlə artması, xüsusilə də əhalinin gəlirləri ilə müqayisədə daha yüksək templə böyüməsi həm iqtisadi, həm də sosial risklər doğurur:
“Belə ki, kredit alanların çoxalması həddindən artıq borclanma riskini artırır. Çünki gəlirləri stabil olmayan insanlar borc öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir. Bu da gecikmələr, faiz yükünün artması və nəticədə borc tələsinə düşmə ilə sonlanır. Əksər hallarda kreditlər istehlaka (məişət texnikası, avtomobil, toy xərcləri) yönəlir, istehsala deyil. Bu, uzunmüddətli iqtisadi artıma töhfə vermir, sadəcə borc yükünü artırır. Paralel olaraq bank sistemində də risklər artır. Borclanma imkanları zəif maliyyə savadlılığı fonunda genişlənəndə problemli kreditlərin payı artır. Bu da bankların likvidliyinə, maliyyə sabitliyinə təhlükə yarada bilər”.
İqtisadçı bildirib ki, kreditlərlə bağlı sərt qaydaların tətbiqi artıq zərurətə çevrilib:
“Borc yükünün idarəedilməz hala gəlməməsi üçün Mərkəzi Bank və kommersiya bankları müəyyən məhdudiyyətlər tətbiq edə bilər. Məsələn, gəlir-borc nisbətinə limit qoyula bilər. Kredit yalnız o halda verilməlidir ki, borcalanın aylıq ödənişləri gəlirin, təxminən 40%-dən çoxunu aşmasın. Bu, beynəlxalq praktikanın da əsas qaydalarındandır. Habelə kredit tarixçəsinə ciddi nəzarət edilə bilər. Yəni, problemli borcu olan şəxslərin yenidən kredit almasına məhdudiyyət qoyulmalıdır. Bundan başqa, istehlak kreditlərinə də sərt şərtlər tətbiq olunmalıdır. Belə ki, uzunmüddətli və yüksək məbləğli istehlak kreditlərinə limit tətbiq oluna bilər. Məsələn, məişət texnikası üçün maksimum 2-3 il müddətinə. Daha bir sərtləşdirmə qərarı ilkin ödəniş tələbi ilə bağlı ola bilər. Avtomobil və ya daşınmaz əmlak kreditlərində ilkin ödəniş minimum 20-30% olmalıdır ki, borclanma riskləri azalsın. Daşınmaz əmlak və iri məbləğli kreditlərdə tələbə, işsiz və ya gəliri qeyri-sabit olan şəxslərə limit qoyulmalıdır. Eyni zamanda, bəzi ölkələrdə olduğu kimi, kredit götürənlər üçün banklar qısa maarifləndirici təlim və ya imtahan mexanizmi tətbiq etməlidir”.
Ekspert qeyd edib ki, bir qrup şəxslərə kreditlərlə bağlı məhdudiyyət qoyulmalıdır:
“İlkin olaraq bu qərar stabil gəliri olmayan, yəni qeyri-rəsmi çalışan və işsiz şəxslərə şamil olunmalıdır. Problemli kredit tarixçəsi olan və aylıq gəlirin əsas hissəsini artıq digər borcların ödənişinə sərf edənlərə də kredit ayrılması qadağan edilməlidir. Həmçinin gənclərə yüksək məbləğli və uzunmüddətli istehlak kreditləri verilməsinə sərhəd qoyulmalıdır.
Əslində, kredit bazarının sürətlə böyüməsi qısamüddətli iqtisadi aktivliyi artırsa da, uzun müddətdə “borc balonuna” səbəb ola bilər. Ona görə əsas hədəf istehlak yönümlü deyil, biznes və istehsal yönümlü kreditləri artırmaq olmalıdır”.