“Azərbaycanda çoxuşaqlı valideynlərə əmək pensiyasına çıxmaq hüququ ilə bağlı əlavə güzəştlər müəyyən edilib. “Əmək pensiyaları haqqında” qanuna əsasən, 5 və ya daha çox uşaq böyüdən qadınlar pensiyaya 5 il daha tez çıxa biləcəklər”.
Bu fikirləri İqtisadçı Xalid Kərimli KONKRET.az-a açıqlmasında səsləndirib.
“Qanuna əsasən, güzəşt yalnız bioloji övladlara deyil, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya qəyyumluğa götürülmüş uşaqlara da şamil olunur. Əsas şərt isə odur ki, həmin uşaqlar 8 yaşına qədər sağ qalmış olmalıdır. Əgər ana əlilliyi olan uşağı da böyüdürsə, bu da güzəşt hüququ verən hallardan biridir”.
İqtisadçının sözlərinə görə, bu güzəşt kişilərə də aid edilir.
“Belə ki, əgər qadın vəfat edibsə və ya valideynlik hüququndan məhrum olunubsa, uşaqları təkbaşına böyüdən ataya da 5 il əvvəl pensiyaya çıxmaq imkanı verilir”.
X.Kərimli sonda əlavə edir ki, “Əmək pensiyaları haqqında” qanunun 9-cu maddəsinə görə, zərərli və ağır əmək şəraitində çalışan şəxslər üçün də pensiya yaş həddində güzəşt nəzərdə tutulub.
“Qadınlar zərərli şəraitdə azı 10 il, kişilər isə 12 il 6 ay çalışdıqda, pensiyaya daha tez çıxmaq hüququ qazanırlar”.
Aynurə İsmayıl
KONKRET.az