Pensiya yaşına çatmamış və rəsmi olaraq işləməyən şəxsin vəfat etməsi halında onun ailə üzvlərinə “ölüm pulu”nun verilib-verilməməsi maraq doğurur.
Maraqlıdır, onun ailə üzvlərinə dövlət tərəfindən “ölüm pulu” ödənilirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Elşad İsayev bildirib ki, bu halda ölüm pulu nəzərdə tutulmur.

Elşad İsayev
Hüquqşünasın sözlərinə görə, ölüm pulu yalnız məcburi dövlət sosial sığorta sistemində kapitalı formalaşmış şəxslərə şamil edilir:
“Əgər vətəndaş pensiya yaşına çatmayıbsa, rəsmi işləməyibsə və onun adından sosial sığorta haqları ödənilməyibsə, bu zaman fərdi sosial sığorta kapitalı formalaşmır. Kapital olmadığı üçün də dövlət tərəfindən ölüm pulu ayrılmır”.
Elşad İsayev vurğulayıb ki, ölüm müavinəti əsasən işləyən, sosial sığorta ödəyicisi olan və ya pensiya alan şəxslərin vəfatı zamanı verilir:
“Bu müavinət sosial sığorta mexanizminin tərkib hissəsidir və yalnız sistemdə qeydiyyatda olan şəxslərə aiddir”.
Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, sosial sığorta haqları ödənilməyən və rəsmi əmək fəaliyyəti olmayan şəxslər üçün ölüm müavinəti nəzərdə tutulmayıb.
Aynurə İsmayıl
KONKRET.az
