“Yay mövsümünün qızğın çağında dəniz kənarına istirahətə üz tutan vətəndaşlar arasında qida zəhərlənmələri ilə bağlı hallar müşahidə olunur. Xüsusilə, insanlar özləri ilə ev şəraitində hazırlanmış mayonezli salatlar və ya çiy ət məhsulları gətirdikdə bu risk daha da artır”.
Bu fikirləri qida məsələləri üzrə mütəxəssis Ağa Salamov KONKRET.az-a açıqlamasında səsləndirib.
Mayonezlə hazırlanmış salatların yüksək temperaturda, xüsusilə avtomobildə və ya çimərlikdə uzun müddət saxlanılması qida zəhərlənməsinə səbəb ola bilər.
Mütəxəssis tövsiyə edir ki, bu cür halların qarşısını almaq üçün insanlar ya dəniz kənarında fəaliyyət göstərən və qida təhlükəsizliyi standartlarına cavab verən ictimai iaşə obyektlərinə üstünlük versinlər, ya da özləri ilə gətirdikləri məhsullarda daha ehtiyatlı davransınlar.
“Mayonezli salatların əvəzinə zeytun yağı ilə hazırlanmış tərəvəz salatlarına üstünlük verilməsi tövsiyə olunur. Bu, həm sağlamlıq baxımından daha uyğundur, həm də isti havada daha az risklidir. Əgər kabab üçün ət aparılırsa, onun dəniz kənarına yaxın marketlərdən alınması və tezliklə bişirilməsi daha məqsədəuyğundur”.
Ekspert vurğulayıb ki, çimərlik istirahəti zamanı vətəndaşlar şəxsi gigiyena və qida təhlükəsizliyi qaydalarına ciddi şəkildə əməl etməlidirlər.
Aynurə İsmayıl
KONKRET.az