Azərbaycanda ictimai nəqliyyatda vahid ödəniş sisteminə keçid istiqamətində növbəti mərhələ kimi dəmir yollarında “BakıKart” və ya digər oxşar kart sisteminin tətbiqi gündəmdə ola bilər. Maraqlıdır, gələcəkdə “BakıKart” və ya digər vahid kart sisteminin dəmir yollarına inteqrasiyası mümkündürmü?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev KONKRET.az-a açıqlamasında bildirib ki, ölkənin bütün sahələrində nağdsız ödəniş sisteminin geniş tətbiqi artıq reallığa çevrilib. Bu, həm iqtisadi cəhətdən vacibdir, həm də vətəndaşlara bir sıra üstünlüklər təqdim edir:
“Nağdsız ödəniş vətəndaşları üzərlərində pul gəzdirmək, xırda pul problemi kimi çətinliklərdən azad edir. Həmçinin vaxt itkisinin də qarşısını alır. İctimai nəqliyyatda tətbiq edilən birkart sistemi insanlara əhəmiyyətli rahatçılıq gətirir”, – deyə ekspert vurğulayıb.
Yasin Mustafayev hesab edir ki, belə bir sistemin dəmir yollarında da tətbiqi məqsədəuyğun olardı:
“Xüsusilə Bakı-Sumqayıt kimi qısa məsafələrdə birkartla ödənişlərin həyata keçirilməsi daha əlverişli olar. Uzun məsafələrdə isə, sərnişinlərə yerlərin təyini və digər proseslər səbəbilə fərqli yanaşma tətbiq oluna bilər. Amma bütövlükdə vahid kart sisteminin dəmir yollarına inteqrasiyası çox faydalı və real görünür”.
Qeyd edək ki, hazırda “Azərbaycan Dəmir Yolları” ASC-də əsasən bilet satışı onlayn və kassalar vasitəsilə həyata keçirilir. Vahid ödəniş kartlarının tətbiqi isə sərnişinlər üçün əlavə rahatlıq və operativlik təmin edər.
Aynurə İsmayıl
KONKRET.az