“Fəsil dəyişikliyi ilə bağlı həyat tərzimiz də dəyişir. Belə olduqda qida rasionumuzda müəyyən dəyişikliklər etməli oluruq. Qış aylarında düzgün qidalanma sağlamlığın qorunması üçün xüsusi əhəmiyyət daşıyır.
Soyuq hava şəraiti orqanizmin enerji ehtiyacını artırır. İmmun sistemini daha həssas edir və vitamin çatışmazlığı riskini yüksəldir. Buna görə də qış mövsümündə qidalanma daha balanslı və mövsümə uyğun qurulmalıdır”.

Asim Vəliyev
Bu fikirləri KONKRET.az-a açıqlamasında qida məsələləri üzrə ekspert Asim Vəliyev bildirib.
“ Qışda immun sisteminin güclü olması üçün vitamin və minerallarla zəngin qidalar gündəlik rasionda mütləq yer almalıdır. Xüsusilə C vitamini bu dövrdə vacibdir. Portağal, limon, kivi, kələm kimi məhsullar orqanizmi soyuqdəymə və infeksiyalara qarşı daha davamlı edir. A vitamini ilə zəngin olan kök, balqabaq və ispanaq isə bədənin müdafiə mexanizmini gücləndirir.
Soyuq havalarda isti yeməklərə də üstünlük verməliyik. Ev şəraitində hazırlanmış şorbalar qış üçün ən uyğun yeməklərdən sayılır. Mərcimək, tərəvəz və toyuq şorbaları həm bədəni isidir, həm də asan həzm olunur. Qızardılmış və çox yağlı yeməklərdən isə mümkün qədər uzaq durmaq vacibdir. Bu cür qidalar orqanizmi yükləyir və həzm problemlərinə səbəb ola bilər”.
Ekspert qeyd edir ki, zülal qış aylarında xüsusi əhəmiyyət daşıyır.
“ Zülal orqanizmin enerji ehtiyacını qarşılayır və toxluq hissini artırır. Balıq, toyuq əti, yumurta, paxlalılar və süd məhsulları qış rasionunda mütləq yer almalıdır. Həftədə ən azı iki dəfə balıq yemək həm immunitet, həm də ürək sağlamlığı üçün faydalıdır.
Qış fəslində daha az su içməyə meylli oluruq. Halbuki orqanizmin suya ehtiyacı il boyu eynidir. Gün ərzində kifayət qədər ilıq su içmək, bitki çaylarından istifadə etmək tövsiyə olunur. Zəncəfil, çobanyastığı və adaçayı kimi çaylar həm bədəni isidir, həm də sakitləşdirici təsir göstərir. Şəkərli və qazlı içkilər isə ilin bütün fəsillərində sağlamlıq üçün faydalı deyil”.
Ekspert sonda əlavə edib ki, mövsümi və yerli məhsullara üstünlük vermək qış qidalanmasının əsas prinsiplərindən biridir.
“Bu məhsullar daha təzə olur, daha az kimyəvi müdaxilə ilə saxlanılır və qida dəyəri daha yüksəkdir. Uzun müddət saxlanmış və mənşəyi bəlli olmayan məhsullardan ehtiyatla istifadə etmək lazımdır”.
Aynurə İsmayıl
KONKRET.az
