“İmtahanda az bal yığan bəzi şagirdlərin məktəbi “əlaçı” kimi bitirməsinin başlıca səbəbi onların valideynlərinin konkret olaraq formal qiymət yazdırmalarına əsaslanır. Yəni onlar direktora, yaxud məktəbdəki məsul şəxsə ödəniş edərək, qiymətləri daha yüksək yazdırmağa çalışırlar”.
KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
Mütəxəssis Dövlət İmtahan Mərkəzinin ötən ilin qəbul nəticələri ilə bağlı açıqladığı hesabata toxunub.
Xatırladaq ki, DİM-in hesabatında qeyd olunub ki, ötən il orta məktəbi “əlaçı” kimi bitirmiş 149 abituriyent qəbul imtahanında 0-100 bal arası nəticə göstərib. Məktəbi əlaçı kimi bitirən daha 907 abituriyentin balı isə 100-200 aralığında olub. Ötən il məktəbi əlaçı kimi başa vuran şagirdlərin təxminən 10 faizi qəbul imtahanında 200-dən aşağı nəticə göstərib.
Öz növbəsində, E.Əfəndi valideynlərin övladlarına attestat balı yazmasının səbəblərini açıqlayıb:
“Çünki DİM-in keçirdiyi qəbul imtahanlarında müvafiq yerləşdirmə zamanı onların əsas fənləri üzrə yazılan ballara baxırlar. Əgər orada bərabərlik varsa, sonra attestat qiymətlərinə baxılır. Attestat qiyməti yüksək olanlar isə müvafiq ixtisas üzrə yerləşdirilir. Yəni kimsə düşünürsə ki, attestat qiymətləri qəbul imtahanında əhəmiyyət daşımır, yanlışlığa yol verir. Bu, o vaxtı əhəmiyyət daşıyır ki, artıq müsabiqə zamanı məhz həmin şəxslər yerləşdirirlər”.
“Yenə deyirəm, bunu nəzərə alan bəzi valideynlər də konkret olaraq övladlarının qiymətləndirilməsi zamanı onlar ya məktəb direktorları, yaxud da müəyyən şəxslər vasitəsilə razılaşırlar ki, onların övladlarına qiymətlər daha yüksək yazılsın. Belə yüksək qiymətlər yazılanda isə onların ümumi blok imtahanının nəticəsi, yaxud təhlil aparılan zaman əldə etdikləri nəticələr faktiki olaraq, orada aldıqları qiymətlərlə üst-üstə düşmür. DİM də bunu çox asan sezə bilir.
Çünki bütün məlumatlar Elektron Hökumət Portalına köçürülür və DİM də bunu görür. Tutaq ki, orada 5 alan şagird o deməkdir ki, buraxılış imtahanında ən azı 76 baldan yuxarı nəticə göstərməlidir. Amma o şagird gedib 30-40 bal toplayır. Burada şəffaflıq prinsipinin pozulması, eyni zamanda obyektiv olmayan qiymətlərin yazılması daha obyektiv olaraq daha bariz olaraq göstərilir”, – o, əlavə edib.
Müsahibimiz düşünür ki, əlaçı olan şagird imtahanda gedib aşağı bal yığmaz:
“Bu, istisna haldır və fors-major hal kimi 1-2 nəfərdə ola bilər. Amma kütləvi hal kimi bu, bir başa ona dəlalət edir ki, həmin şagirdlərin qiymətləri şişirtmədir və nəticə etibarilə, onlar bunu müvafiq imtahanlarda göstərə bilmirlər. Yəni mən saxta qiymət almışamsa, imtahanda bunu da yaza bilməyəcəm. Ona görə də bu barədə səsləndirilən fikirlər əsassızdır.
Burada yeganə çıxış yolu ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi məktəb direktorlarına tapşırmalıdır ki, həqiqi bilik əsasında qiymətlər şagirdə təqdim olunmalıdır. Əks halda, attestatda saxta qiymətlərin olmasına yol verən şəxs birbaşa məsuliyyətə cəlb olunmalıdır. Yəni lazımdırsa, xəbərdarlıq, ardınca töhmət, daha sonra isə vəzifəsindən uzaqlaşdırılmalıdır. Kimsə rüşvət müqabilində belə qeyri-qanuni hərəkətlərə yol verirsə, bu, təbii ki, ümumi təhsil göstəricilərinə birbaşa mənfi təsir etmiş olacaq”.