Baş nazir Əli Əsədov COP29 tədbirlərinin keçirildiyi müddətdə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə qərar imzalayıb.
Qərara görə ümumi təhsil pilləsi üzrə payız tətili noyabrın 12-dən 22-dək davam edəcək. Həmçinin bu tarixdə Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda peşə, orta ixtisas və ali təhsil pillələri üzrə təhsil distant (məsafədən) formada aparılacaq.
Bəs distant təhsilə keçidin tədrisin keyfiyyətinə hansı mənfi təsirləri olacaq?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablayan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nurinin fikrincə, distant təhsilə keçid tədrisin keyfiyyətində, pedoqoji işin təşkilində, mexanizmində ciddi problem yaratmayacaq:
“Bunu əminliklə deməyimizin əsas səbəbi odur ki, bizim artıq bu istiqamətdə çox böyük təcrübəmiz var. Çünki COVİD-19 pandemiyası zamanı distant təhsilə keçən 200-ə yaxın dünya ölkələri arasında Azərbaycan 11-ci yerdə qərarlaşmışdı. Düzdür, məsələnin keyfiyyət tərəfinin öz problemləri var. Amma etiraf etməliyik ki, biz bu sistemdə təhsil formasına hazır olmamışdıq. Ümumiyyətlə, bu barədə anlayış yox idi. Amma pandemiya zamanı distant təhsil elementlərindən istifadə etdik. COP29 zamanı da sınaqdan çıxmış bu elementlərdən yüksək səviyyədə istifadə edəcəyik”.
Onun sözlərinə görə, bu qaydaların yalnız Bakı, Sumqayıt şəhərlərini, Abşeron rayonunu əhatə etməsi də problemlərin olmayacağına işarədir:
“Ölkədə olan internet istifadəçilərinin böyük əksəriyyəti internet imkanlarının yaxşı olduğu bu ərazilərdədir. Onlayn dünyanın imkanlarından ən yaxşı istifadə etməyi bacaran müəllim və şagirdlər də məhz bu ərazilərdə yaşayır. Bu detallar COP29 zamanı distant təhsil elementlərinin bizim üçün müsbət məcrada tamamlanmasına imkan verəcək. Bunun proqnozunu öncədən vermək olar”.
Aygün Mirakif,
KONKRET.az