Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bir neçə iqtisadçı ilə görüşüb. Məlumata görə, burada pul siyasəti, manatın məzənnəsi, kart hesablarından pulların oğurlanması və digər aktual məsələlər müzakirə olunub.
Mərkəzi Bankın sədri başqa nələr danışıb?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, məzənnə siyasəti ilə bağlı AMB-nin yeni qərarı yoxdur:
“Bu məsələ ekspertlərlə keçirilən görüşlərdə mütəmadi müzakirə olunur. Dünənki görüşdə mən xaric, iştirak edən 14 ekspertin hər biri məzənnə siyasətinin indiki şəkildə davam etməsinin tərəfdarı oldu. Əvvəla, “Manatın məzənnəsini sabit saxlayır” ifadəsi yanlışdır. Bunu AMB-də keçirilən müzakirələrdə də bildirdim. Çünki Mərkəzi Bank manatın məzənnəsini təyin etmir. AMB dolların məzənnəsini sabit saxlayır. Yəni hazırda Azərbaycanda sabit olan dolların məzənnəsidir, manatın deyil. Dolların məzənnəsi 1,7 manat səviyyəsində saxlanılır, digər valyutalar da buna uyğun olaraq sabitləşdirilir. Manatın məzənnəsi isə müxtəlif valyutalara görə dəyişir”.
“Lakin bu siyasətə qarşıyam və hesab edirəm ki, belə yanaşma, əslində qeyri-sabitlik yaradır. Makroiqtisadi stabilizatorlar inflyasiya səbəbindən ölkənin ixracını zəiflədə bilər. Bu zaman ixracın azalması nəticəsində xarici valyutanın ölkəyə daxil olması azalır. Nəticədə, yerli valyuta zəifləməli və bu, ixracın bərpa olunmasına səbəb olmalıdır. Amma mövcud siyasət nəticəsində biz bu stabilizatorlardan məhrum olmuşuq. Bu da iqtisadiyyatın dayanıqlığını və stabilliyini itirməsinə səbəb olur. Hazırda AMB dolların məzənnəsini sabit saxlayaraq, əslində faiz dərəcəsi siyasətini həyata keçirə bilmir. Bundan əlavə, mövcud məzənnə siyasəti qeyri-neft sektorunu məhv edir və bu sahənin inkişafına ciddi ziyan vurur”.
E.Rəşidov vurğulayıb ki, bank ilə Maliyyə Nazirliyinin düzgün koordinasiya olmaması nəticəsində iqtisadiyyatımız tələyə düşür:
“Nəticədə makroiqtisadi vəziyyət qeyri-neft sektorunun inkişafına imkan vermir, əməyin məhsuldarlığını artırmaq mümkün olmur. Çünki indiki vəziyyətdə qeyri-neft sektoru, əsasən daxili tələbatı qarşılamaqla məhdudlaşır. Gələcək proqnozlara gəldikdə, Taleh Kazımovun ümumi çıxışından belə nəticə çıxarmaq olar ki, dolların məzənnəsinin dəyişməsi gözlənilmir və mövcud siyasət indiki rejimdə uzun müddət davam edəcək. Sədr qeyd etdi ki, yalnız yeni iqtisadi model olarsa, mövcud məzənnə siyasətindən çıxa bilərik. Lakin bu haqda konkret bir plan mövcud deyil. Bu vəziyyətdə hər hansı bir dəyişiklik etməyə hazırlaşmırlar”.
İqtisadçı Əkrəm Həsənov isə bildirib ki, müzakirə olunan əsas mövzu sabit məzənnə rejimindən üzən məzənnəyə keçidin olub-olmayacağı ilə bağlı idi:
“Prinsipcə, AMB-nin sədri və ekspertlərin əksəriyyəti Azərbaycan şəraitində sabit məzənnə rejiminin saxlanılmasının vacib olduğunu hesab edir. Üzən məzənnə rejiminə keçmək üçün ölkəmizdə lazımi şərait mövcud deyil və ehtiyac da yoxdur. Bu, əks effekt verə bilər. AMB tərəfindən sabit məzənnə rejiminin saxlanılması məqsədəuyğundur və prosesi bu qaydada davam etdirir. Ölkədəki makroiqtisadi vəziyyət və valyuta ehtiyatlarımızın səviyyəsi göstərir ki, manatın məzənnəsi yaxın perspektivdə heç bir təhlükə ilə qarşılaşmayacaq”.