Dondarlı ictimaiyyətindən NÜMUNƏVİ ADDIM: Kənd şəhidinin məzarı belə ziyarət olundu – VİDEObackend

Dondarlı ictimaiyyətindən NÜMUNƏVİ ADDIM: Kənd şəhidinin məzarı belə ziyarət olundu - VİDEO

Qubadlı rayon Dondarlı kənd ictimaiyyəti və kənd orta məktəbinin müəllimləri şəhid Nadir Bədəlovun xatirəsini anıblar. Onun adını daşıyan Dondarlı kənd orta məktəbinin qarşısındakı xatirə bulağı ziyarət olunub, əklil qoyub ruhuna dualar oxunub.

KONKRET.az xəbər verir ki, şəhid leytenant Bədəlov Nadir Ərşad oğlu 1967-ci il iyunun 18-də Qubadlı rayonunun Dondarlı kəndində anadan olub. 1984-cü ildə Dondarlı kənd orta məktəbini, 1991-ci ildə isə Azərbaycan Politexnik İnstitutunun qara və əlvan metalların tökmə ixtisası üzrə təhsilini başa vuraraq mühəndis-metallurq ixtisası qazanıb və zabit rütbəsi alıb. O, 1985-1987-ci illərdə Almaniyada sovet ordusu sıralarında xidmət edib.

1992-ci ildə Azərelektroterm Elm-İstehsalat Birliyində əmək fəaliyyətinə başlayan Nadir Bədəlov Vətənin çağırışına səs verərək könüllü olaraq cəbhəyə yollanıb. Qısa müddətli təlimdən sonra Ağdərə, Tərtər, Laçın və Qubadlı cəbhələrində gedən ağır döyüşlərdə topçu bölməsinə rəhbərlik edib. Onun komandirliyi altında keçirilən əməliyyatlarda bir sıra strateji yüksəkliklər düşməndən azad edilib.

1993-cü ilin avqustunda baş verən ağır döyüşlərdə Nadir Bədəlov xüsusi qəhrəmanlıq göstərib. Avqustun 31-də Qubadlının Yazı düzü istiqamətində qeyri-bərabər döyüşdə son nəfəsinə qədər vuruşaraq şəhid olub. Döyüş yoldaşlarının köməyi ilə onun cəsədi düşmən əlinə keçmədən çıxarılıb və Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

Ailə üzvlərinin bildirdiyinə görə, eyni zamanda şəhidin məzarının yerləşdiyi Şəhidlər Xiyabanında da anım tədbiri keçirilib. Tədbirdə şəhidin yaxınları, ailə üzvləri, dostları, döyüş yoldaşları və digər şəxslər iştirak ediblər.

Onlar məzarın üzərinə gül dəstələri və əklillər düzüb, şəhidin ruhuna dualar oxuyublar.

Anım mərasimində çıxış edən şəhidlə çiyin-çiyinə döyüşən silahdaşları onun igidliyindən söz açaraq xatirələrini bölüşüblər:

“Axırıncı dəqiqəyə qədər birlikdə vuruşmuşuq. Nadir isə mənim qucağımda şəhid olub”, – deyə döyüş yoldaşları bildiriblər.

Şəhidin oxuduğu Dondarlı kənd orta məktəbi bu gün onun adını daşıyır. Subay idi.

Allah şəhidimizə rəhmət eləsin!

Müşviq Tofiqoğlu

KONKRET.az

Allah şəhidimizə rəhmət eləsin!

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*