Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Bəhram Məmmədovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Məhkəmənin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, təqsirləndirilən Bəhram Məmmədov 22 iyun 2024-cü il tarixdə, gecə saatlarında Abşeron rayonu, Şəfəq qəsəbəsində yerləşən “Dadım Dönər” adlı dönərxanada dönərçi işləyən, tanışı, zərərçəkmiş Həsən Yusifovla (soyadı şərtidir) mübahisə edib.
Belə ki, Bəhram dönərxananın yanından keçərkən dostları ilə zarafatlaşıb. Dostlarından biri Bəhramı itələyib və o, müvazinətini itirib dönərxananın şüşə qapısına dəyib. Həmin vaxt dönərxanada işləyən Həsən çölə çıxaraq onu təhqir edib. Nəticədə Bəhramla Həsən arasında mübahisə yaranıb və onlar söhbəti davam etdirmək üçün qəsəbə ərazisindəki su kanalının kənarına gedib. Orada Həsən Bəhramı yumruqla vurub yıxıb. Ayağa qalxan Bəhram üstündə gəzdirdiyi bıçaqla Həsənə qarın nahiyəsindən zərbə endirib.
Yaralı xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs olunub.