“Dörd bir tərəfdən od tökülürdü” – Meşəli sakinləri həmin gecədən DANIŞDILARbackend

“Dörd bir tərəfdən od tökülürdü” - Meşəli sakinləri həmin gecədən DANIŞDILAR

Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri – Vaqif Xaçaturyanın 3 dəfə məhkəməsi keçirilib. Növbəti prosesin gələn həftə keçirilməsi planlaşdırılır.

Meşəli kəndində baş verən soyqırımı erməni silahlı birləşmələri tərəfindən 1989-cu ildən 1992-ci ilədək Azərbaycan xalqına qarşı törədilmiş çoxsaylı cinayətlərin bir epizodudur.

Həmin hadis ilə əlaqədar cinayət işi başlanaraq ilkin istintaq hərəkətləri aparılsa da, döyüş şəraitinə görə onu başa çatdırmaq mümkün olmayıb. Lakin istintaq sonralar uğurla davam etdirilib və müəyyən olunub ki, Xaçaturyan Vaqif Çerkezoviç qanunsuz erməni silahlı birləşməsinin digər üzvləri ilə birlikdə Xocalı rayonunun Meşəli kəndində əhaliyə qarşı silahlı basqın edərək 25 nəfəri qətlə yetirib, 14 nəfərə müxtəlif dərəcəli xəsarətlər yetirib, 358 nəfər şəxsi heç bir qanuni əsas olmadan yaşayış yerindən didərgin salıb.

V.Xaçaturyan Meşəli qırğınlarında iştirakını inkar etsə də, kənd sakinləri onun yalanlarını ifşa edib.

KONKRET.az xəbər verir ki, Modern.az Meşəli kəndinin sakinlərini danışdırıb.

Onlar saytımıza açıqlamalarında həmin gecədən yaddaşlarında qalan hadisələrdən, məhkəmə prosesində verdikləri ifadədən söz açıblar.

Nemət Rəcəbov həmin gecə başına gələnləri məhkəmədə də danışdığını bildirib.

“O elə faciə idi ki, dillə çatdırmaq, fikirlə söyləmək olmur… Dörd bir tərəfdən od tökülürdü kəndin üzərinə. Orada qardaşınla da qarşılaşsan gözün dörd olur, fikrin elə o silahlılarda qalırdı.

Biz – 30-35 nəfər insan təxmini 2 saat mühasirədə qalmışdıq. Xocalı rayonu Meşəli kənd polis bölməsinin polis serjantı olaraq məndə və Ağdam polis batalyonunun polis serjantında silah var idi. Məndə “Makar”, onda avtomat – silahımız bundan ibarət idi. O qədər insanın təhlükəsizliyini təmin etmək çətin məsələ idi. Biz ikimərtəbəli binanın birinci mərtəbəsində idik. Bizim bir polis əməkdaşımızı vurdular. O, anası ilə qardaşının meyitinin yanına gedirdi. Avtomatı əlindən düşüb, yerdə qaldı. Erməni gəlib avtomatı götürəndə biz də onu vurduq. Sonra onlar bildilər ki, burada adam var. Eşitdim ki, deyir ki, “Vaqif qranatı ver”.

Nemət Rəcəbov Xaçaturyana verdiyi suallardan danışıb:
“Məhkəmədə sualımın biri o idi Vaqifə. İnkar edirdi, boynuna almırdı. Soruşdum ki, “sizin kənddə ayrı Vaqif var?”, dedi “yox”. Ayrı Vaqif yoxdursa, onda kimə deyirdilər “Vaqif, qranatı ver”? Çox güman sən başçı imişsən ki, qranat səndə imiş. Sonra mən camaata dedim ki, buraya qranat atacaqlar. Balaca bir otaq, 35 nəfər adam… İçəridə artıq 14 yaşlı bir şəhidimiz var idi. Qardaşım Kamran və polis serjantı İsmayıl yaralanmışdı. Həmin an insanlara dedim, onlar çölə çıxdılar. Vaqifin adını orada eşitmişdim.

Hadisələrə qədər uzun illər kirvəlik edən, dostluq edən ermənilər var idi, münasibətlər yaxşı idi. Qız alıb-verənlər də var idi. Şükürlər olsun ki, bizim kənddən erməni qızı alan yox idi. Bəziləri var idi ki, bizə qarşı tez dönürdülər. Hələ müharibə başlamazdan Vaqif də azərbaycanlılardan tez üz döndərən, bizə qarşı bildirilən fikirlərə tez reaksiya verənlərdən biri idi. Bizim Sovetlik 5 kənddən ibarət idi. 4-ü ermənilər yaşayan kənd, 1-i bizimki idi. O dövrdə yaxşı idi vəziyyətləri. Yaxşı vəzifələrin hamısı ermənilərdə idi.

Məhkəmədə ona bir sual da verdim. Dedi ki, “o hadisələr olanda mən evdə olmuşam”. Dedim “sənin  o zaman neçə yaşın var idi?”, dedi “36” . Dedim ki, necə oldu 65-70 yaşında kişilər gəldi Meşəlini yandırıb, əhalini qırdı. Sən də 36 yaşında oğlan evdə oturdun?! Bu nə dərəcədə inandırıcıdır? Boyununa al. Qeyri-mümkün idi ki, onlar Meşəliyə hücumə keçələr, camaatı qıralar, evləri yandıralar. Sən də 36 yaşında millətçi, Türk düşməni kimi özünü cəfa edən adam, cavan oğlan oturasan evdə”.

Sonra kənd nümayəndəmiz ded ki, səsucaldıcı ilə insanları aldadan, “arvad-uşağa dəyməyəcəyik, çıxsınlar” deyən Xaçaturyanın qardaşıdır. Ona görə də qırğınımız çox oldu. Onlar gördülər ki, hər şeyə rəğmən hər kəs öz evindədir, bacalardan tüstülər çıxır, heç kim evini tərk etmir.

Mən onun qardaşını görmüşdüm. Bizim evdə nə qədər çörək yeyiblər. Burunlarından gəlsin, necə ki gəlir. İlk başda deyirdi, “mən orada olmamışam”. Bir az sonra dedi ki, “niyə yalan danışırsan, o mənim qardaşım deyildi”. Nə oldu?! Bəs sən orada yox idin?!”.

Süleyman Mahmudov saytımıza açıqlamasında Xaçaturyanın onu tanıdığını bildirib.

“Hadisələr olanda, 1988-ci ilin dekabrın 22-dən 23-nə keçən gecə səhər 6-da bərk atışma səsi eşitdim. Anam, atam, iki övladım, həyat yoldaşım evdə idi. Bir müddət sonra səslərin evə yaxınlaşdığını hiss elədim. Oğlumun 12 yaşı var idi, silahı verdim ona, izah elədim ki, erməni gələndə vura bilsin. Sonra gördük ki, bizi mühasirəyə alıblar. Anama, atama, yoldaşıma dedim ki, siz çıxın. Onlar da məni tək qoymaq istəmədilər. Anam evdən bir az aşağı enmişdi, onu görüb atdılar, şəhid oldu. Bir müddət döyüş gedəndən sonra gördüm ki, dəhşətdir. Biz qoşalülə ilə atırdıq, onlar avtomatla. Bir az döyüş sakitləşəndə evdən çıxdım, anamın meyitinə yaxınlaşmaq istədim, mümkün olmadı.

Vaqif məni tanıdı, qonşu idi kəndlərimiz. O dedi ki, “mən orada olmamışam”, mən dedim ki, “sən orada olmamısansa, adın niyə hallanırdı? Demək ki oradaydın””.

Sadiq Hacıyev məhkəmədə səhhəti ilə əlaəqli olaraq qısa danışdığını, yaddaşında qalanları izah etdiyini söyləyib:

“O zaman baş verənləri danışdıq. Maşında bizi güllələmişdlər. Onda mən əsgərlikdən yeni gəlmişdim, Vaqif məni tanımadı, amma yanımdakıları tanıdı. O zamanlar mənim yanımda danışıb, söhbət etdikləri adamları tanıdı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*