Bəzi ölkələrin 4 günlük iş rejiminə keçməsi sözügedən məsələnin Azərbaycanda da gündəmə gəlməsinə və bununla bağlı təkliflərin səsləndirilməsinə səbəb olub. Bir çox mütəxəssislər 4 günlük iş rejiminin üstünlüyündən danışsalar da, bəziləri səslənən fikirlərlə razılaşmır. Əksinə, həftənin sonuna kimi işləməyin həm insan fiziologiyasına, həm də maddi baxımdan cibinə müsbət təsir göstərdiyini vurğulayır. Bəs görəsən, Azərbaycanda 4 günlük iş rejiminə keçilməsi mümkündürmü? Ümumiyyətlə, bunun üçün hansı şərtlər və hazırlıqlar olmalıdır?
Mövzunu KONKRET.az-a şərh edən sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, Azərbaycanda 4 günlük iş rejiminə keçmək məsələlərə birtərəfli yanaşmaq demək olar:
“Bizim ölkədə bu istiqamətdə görüləsi xeyli işlər var. Biz ölkənin tərəqqisi üçün nə etməli olduğumuzu düşünməliyik. Elə etməliyik ki, insanların əməkhaqqı yüksək olsun. Vətəndaşları necə gəldi işlətməkdən, əziyyət verməkdən vaz keçmək lazımdır. Yəni iqtisadiyyatı ağıllı şəkildə elə qurmalıyıq ki, bunun hesabına əhali 5 günlük rejimlə işləsin və əməyinin müqabilində daha çox əməkhaqqı alsın. Əsas məqsəd əhalinin daha çox istirahət etməsi yox, güzəranının yaxşılaşdırılmasıdır. Bunun üçün bizdə 4 və ya 5 günlük iş rejimi tələb edilirsə, o da tətbiq olunmalıdır”.
Əhməd Qəşəmoğlunun sözlərinə görə, işlərimizi planlı şəkildə qurmalı, bundan sonra neçə günlük iş rejiminə ehtiyac duyulduğunu müşahidə etməliyik:
“Düşünürəm ki, ölkədə o qədər düzələsi məsələ var ki, bunların həlli üçün 5 günlük iş rejimi güclə çatar. Əsas odur ki, əhalinin güzəranını, mənəviyyatını və əməyə yaradıcı münasibətini artıra bilək. Bu istiqamətdə ciddi elmi təhlillər aparmadan, yeni modellər qurmadan 4 günlük iş rejiminə keçə bilmərik. Əks halda tələsik qərar vermiş olarıq. Azərbaycanda bir çox elmi mərkəzlər var və bu istiqamətdə təhlillər aparılır. Amma aparılan təhlillər arzuolunan səviyyədə deyil. Bütün problem də bundan qaynaqlanır. Ona görə də hələlik 4-5 günlük iş rejimi məsələsi haqqında danışmamalıyıq”.
Müşviq Tofiqoğlu,
KONKRET.az