“DTK-da mənə əcnəbi qadınlarla intim əlaqəni yasaqlamışdılar” – Utancaq gənc zabitin gözəl Olqanı əldən qaçırmasıbackend

“DTK-da mənə əcnəbi qadınlarla intim əlaqəni yasaqlamışdılar” – Utancaq gənc zabitin gözəl Olqanı əldən qaçırması

Leypsiqdə bütün digər işlərimlə yanaşı, ilyarım əvvəl Artekdə himayə etdiyim uşaqlarla da görüşdüm. Məndə onların ünvanları vardı. Qrupdakı ən ağıllı oğlanlardan biri olan Hansla görüşdüm; o, məni valideynləri və Artekə birgə gəldiyi qızla birlikdə şam etməyə dəvət etdi. Gözəl axşam keçirdik: mənə hamilik etdiyim şəxslərin məktəbdəki uğurları haqqında söhbətləri eşitmək xoş idi, elə böyüklərlə də Almaniyadakı məsələlər barədə maraqlı müzakirə apardıq.

Ancaq bu axşam tezliklə sonrakı axşamlarda baş verənlərlə müqayisədə darıxdırıcı görünə bilər. Məni sovet uşaqları üçün nəzərdə tutulmuş məktəbə məxsus emalatxananın yerləşdiyi binada məskunlaşdırmışdlar. Üst mərtəbədə çarpayılarla dolu böyük ümumi yataq otağı vardı, ancaq təəssüf ki, mən burada tək yaşayırdım. Bir dəfə aşağıdakı giriş qapısı döyüldü. Evə baxan ahıl cütlük səsi eşitmədi, ona görə də mən aşağı endim, qapını açdım və kimi görsəm, yaxşıdır? Artek qrupumdakı ən gözəl qızı – Olqanı. İndi o, o vaxtkından daha cazibədar görünürdü.

— Oleq! — o, səsləndi. — Eşitdim ki, şəhərdəsən və ünvanını öyrəndim. Mən sadəcə olaraq səninlə görüşməliydim.

Əlavə ayinlər olmadan o, yuxarı qalxdı və mənim çarpayımın qırağında oturdu. Dərhal tam aydın oldu ki, onun bura gəlməkdə yeganə məqsədi mənimlə yatmaqdır. Qız o qədər utanmaz idi ki, şalvarını əynindən çıxardı və özünü elə göstərdi ki, guya onun düyməsini tikməyə hazırlaşır. Bütün bunlar mənə yuxu kimi görünürdü: düz qarşımda tanıdığım qızlardan ən cazibədarı yarıçılpaq şəkildə, ecazkar uzun ayaqlarını uzadıb oturub. Mən onun çağırışını nədən qəbul etmədim?

Əlimi onun buduna qoymağım kifayət idi ki, Olqa mənim olsun. Ancaq mən bunu etmədim, eləcə danışdım, danışdım, danışdım. Sonra ona piyada gəzib-dolaşmağı təklif etdim. Biz onun yaşadığı evə çatana qədər şaxtalı küçələrdə gəzdik, qapının düz ağzında öpüşdük – vəssalam. Sonra mən özümü o axşamkı utancaqlığıma görə çox qınadım. Əlbəttə, DTK-da mənə əcnəbi qadınlarla intim əlaqələrdən qaçmaq barədə israrla xəbərdarlıq etmişdilər, fəqət həminki halda məni bundan hansısa daxili yasaq saxladı. Hansla yenidən görüşəndə söhbət əsnasında Olqa ilə görüşdüyümü dedim, o, mənə istehzayla baxdı və dedi:

— Bilirsənmi, o, dəhşətli şəkildə özünü buraxıb. Rus əsgərləri ilə ağına-bozuna baxmadan gəzir.

Hansın sözləri mənim yanğımı bir az soyutdu, ancaq yenə də belə fürsəti qaçırdığıma görə çox peşman idim.

Bu əhvalatdan dərs götürərək başqa bir alman qıza, Şarlottaya məktub yazdım. O, Leypsiqin yağınlığında yaşayırdı və ona görüşməyi təklif etdim. Biz Moskvada tanış olmuşduq. O, şəhərimizə turist qrupu ilə gəlmişdi və mən onlara tərcüməçi kimi təhkim edilmişdim. Biz axşamlar gəzirdik və qaranlıq həyətlərdə qaynarcasına qucaqlaşırdıq. Şarlotta mənimlə yaxın münasibətə girməyə hazır idi. Bu dəfə isə o mənə göndərdiyi məktubda yazdı: “Gecikmisən, Oleq. Mən rus zabitinə ərə getmişəm”.

Biz altı aya yaxın müddətdə Berlində olduqdan sonra, 1962-ci ilin yanvarında evə qayıtdıq. Bir az çox qalsaydıq, daha xoşbəxt olardım. Biz çox şey öyrəndik və çox şeyə öyrəşdik. Şərqi Almaniyadakı həyat Rusiyadakına nisbətən daha maraqlı və komfortlu idi. Ancaq Moskvaya qayıtmaq, institutda son semestrin imtahanlarını vermək lazım idi. Qarşıda dövlət imtahanları və macal tapıb yazacağımız diplom işinin müdafiəsi dururdu. Diplom işim üçün xeyli material toplanmışdı. İşin qəlizliyi ondaydı ki, seçdiyim mövzu üzrə işləmək icazəm yox idi. Nəhayət, mən heç kimdən icazə almadan ADR-də hökumətlə kilsə arasındakı münasibətlərə dair yazmağa başladım.

Diplom işini əvvəlcə əllə yazdım, sonra makinada çap elədim. Yüz səhifədən artıq alındı – kursumuzda diplom işini məndən daha iri həcmdə yazan yox idi.

Elmi rəhbərimin olmamasından narahat olaraq, bir dəfə tarix kafedrasına daxil oldum və orada kafedra müdirini gördüm. Görünür, çox əzik durumdaydım, ona görə də o, məndən nə baş verdiyini soruşdu. İzah etdim ki, yazdığım diplom işinə kiminsə elmi rəhbər qismində imza qoyması lazımdır.

— Sənin işin nə barədədir? — o, soruşdu, mən cavab verəndə isə dərhal dedi: — Yaxşı, mənim imzamı qoyun. Ancaq ikimizin də özümüzü zərbə altına qoymağımıza dəyməz. Sərlövhəni dəyişin. Başlığı, deyək ki, belə qoyun: “ADR-də dini təşkilatların tarixi”.

Qoyulan yeganə şərt bu idi. Mən dərin rahatlıq hiss etdim.

Sonra o dedi:

— Elmi rəhbər kimi mən sizin işinizə dair rəy yazmalıyam. — O, səhifələri tez-tez çevirdi. — Baxıram ki, siz bütöv bir kitab yazmısınız.  Zəhmət olmasa, əvəzimdən bir rəy uydurun.

Mən elə də etdim: bir neçə səhifəlik rezüme yazdım və bununla da hər şey bitdi.

Hiyləgər tələbələr imtahanda öz bildikləri barədə uzun-uzadı basıb-bağlayır, ümid edirdilər ki, onları yarıda dayandıracaqlar. Dələduzluqlar da az deyildi: tələbələr özləri ilə şparqalkalar gətirir, masanın altında gizlədir, sonra gizlicə baxır, uyğun cavabları axtarırdılar. Bəzilər sital-sital dərs vəsaitini pencəyin altından kəmərə sıxışdırıb gətirirdilər. Daha səbirlilər isə sualların cavablarını xırda hərflərlə uzunsov kağızlara yazır, onu qarmon kimi qat-qat edir, çox yer tutmadığından asanlıqla özləri ilə içəri keçirir, sonra sakitcə ciblərindən çıxarıb köçürürdülər.

Silsilə həyəcanlanmalara baxmayaraq, məndə hər şey yaxşı alındı: artıq iş məni gözləyirdi və bu, sabitlik hiss yaradırdı. Mən, içində instututda mənimsədiyim fənlərdən aldığım qiymətləri göstərən içlik olan gözəl bir diplom aldım. Bu, ali məktəb divarları arasında keçirdiyim illərə dair xoş xatirə idi. Sonra DTK zabiti ilə daha bir müsahibə baş tutdu. Mən ondan öyrəndim ki, avqust ayından etibarən işə qəbul olunmuşam və mənə bir aylıq haqqı ödənilən məzuniyyət verilib, məzuniyyətdən sonra, ayın 31-də öz vəzifəmin icrasına başlamağım lazımdır. Tədricən aylıq əmək haqqım da 450 rubldan 1500-ə qədər qalxacaq.

Mən Qara dəniz sahilindəki yay düşərgəsinə getdim. Bura çadırlarla dolu, şam ağacları ilə zəngin, dənizə gözəl mənzərəsi açılan füsunkar bir məkan idi. Dostum Standa Kaplan da burada dincəlirdi. Semestri başa vurandan sonra o, dərhal evə, Çexoslovakiyaya getməmişdi, daha bir ay ləngiməyi qərara almışdı. Bu nağılvari avqust günləri ərzində bizim dostluğumu daha da möhkəmləndi.

Biz hər gün təpələrdə qaçırdıq, dənizdə çimir və özümüzü  günə verirdik, qayalardan suya kəllə vururduq. Biz şam ağaclarının altında açıq havada yemək yeyirdik. Yeməyi bizə yarıiuçuq bağ evinin pəncərəsindən verirdilər. Tiklinin üstünə tavanı əvəz edən brezent çəkilmişdi və orada müvəqqəti mətbəx düzəltmişdilər. Avropalılara xas görünüşü olan Standa həmişə qadınlar arasında azğın şəkildə uğurluydu. İndi isə onun Yalta yaxınlığında, dəniz qırağıyla bir neçə kilometr aralıda yaşayan məşuqəsi vardı. Axşamlar o, bu qadın haqqında danışırdı. Ümumiyyətlə, biz saatlarla həyata dair söhbətlər edirdik. Standa kommunizmə olduqca skeptik yanaşırdı və münasib kompaniyalarda öz fikrini açıq ifadə etməkdən çəkinmirdi. (Sonralar o, Çexoslovakiyada kəşfiyyat xidmətinə daxil oldu, amma bunu xaricə göndərilməsi və orada başqa ölkəyə sığınmaq şansı qazanması üçün etdi. O, ya 1968-ci, ya da 1969-cu ildə belə də etdi. Ancaq onun bu hərəkəti Çexoslovakiyaya sovet müdaxiləsi olan vaxtda yox, bir qədər sonra oldu) .

Mənim qızlarla münasibətim alınmırdı. Mən təkcə utancaq deyildim, həm də seçib-sonalayan idim. Düşərgədə bir qızla tanış olmuşdum, o, tez-tez mənimlə birlikdə qaçırdı və açıq-aşkar mənimlə eşq macərası yaşamaq həvəsindəydi. Qız qəşəng idi, uzun ayaqları vardı, qədd-qamətli və cazibədar idi, ancaq nəyə görəsə hesab etdim ki, “bu, mənim tipim deyil” və onunla ilgilənmədim. Mən ona yaxşı münasibət bəsləyirdim, amma bundan artıq heç nə.

Moskvaya qaralmış və möhkəmlənmiş halda qayıtdım. Artıq həyat təcrübəsi toplamışdım, ancaq hələ DTK və onun spesifikası barədə çox şeyi bilmirdim.

(Ardı var)

Tərcümə KONKRET.az-ındır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*