“DTK kursantları paytaxtı ələk-vələk etmişdilər” – MKİ agentləri nədən asan ələ keçirmiş…backend

“DTK kursantları paytaxtı ələk-vələk etmişdilər” – MKİ agentləri nədən asan ələ keçirmiş…

Sovet DTK-sının məşhur polkovniki, Böyük Britaniya kəşfiyyatının casusu Oleq Qordiyevski macəralı bir şəkildə qaçıb, işlədiyi ölkəyə sığındıqdan sonra başına gələnlər haqda “Növbəti dayanacaq – güllələnmə” adlı kitab yazıb. KONKRET.az kitabın maraqlı hissələrini oxucularına təqdim edir:

 ***

“Quyruq” rolunu DTK əməkdaşları yerinə yetirirdilər. Onlar izləmə fəndlərini özləri işləyib hazırlayırdılar. Əməkdaşların qrupu üç nəfərdən ibarət olurdu, üstəlik, onlara yüngül avtomobil də verilirdi. Biri maşını sürür, o biri ikisi isə bir-birilə yardımlaşaraq müşahidə obyektini fasiləsiz şəkildə izləyirdilər. Bəzən onlar bizim tapşırığımızı çətinləşdirmək üçün qrupa üç maşın daxil edirdilər, hər maşında üç əməliyyatçı olurdu, hərdən onların arasında qadınlara da rast gəlinirdi. Sükan arxasında usta sürücülər otururdular və lazımi anda yerlərini dəyişirdilər. Müşahidə obyektini çaşdırmaq üçün izləmə prosesində qrup üzvləri öz baş geyimlərini, üst paltarlarını dəyişir, eynək taxır və ya çıxarır, hətta saqqal yapışdırırdılar.

 

İzləmə qrupunun hər üzvündə fərdi radio-qəbuledici olurdu. Cihazın mikrofonu köynəyin və ya qalstukun altında, radioverici isə cibdə yerləşdirilirdi.

Müşahidə obyekti olan kursant şəhərdə öncədən müəyyən edilmiş marşrutla hərəkət etməliydi. Onun tərəfdaşı üç nöqtədən birində sezdirmədən onu izləməliydi və onun ardınca “quyruq” olub-olmamasını müəyyənləşdirməliydi. Məni müşahidə obyekti təyin edəndə, izləmə qrupu hərəkətə haradan başlayacağımı xəbər verdi, mən də öz növbəmdə onlara çıxış nöqtəsindən tərpənişim və əlamətlərim barədə xəbər verməliydim. Mənə verilmiş telefon nömrəsini yığdım və dedim: “Əynimdə qəhvəyi pencək var. Sol qoltuğunda bürmələnmiş qəzet olacaq. Düz üç dəqiqədən sonra yoluma davam edəcəyəm”. Cavab olaraq dəstəkdə səs eşidildi: “Çox gözəl. Sağ olun”. Bununla da təqib qrupu ilə əlaqəm kəsildi.

Tapşırığın icrası üçün mənə üç saat verilmişdi. Bu müddət ərzində mən aşağıdakıları həyata keçirməliydim: agentlə görüşmək, gizli yerə nəsə qoymaq və ya ani ötürüş etmək. Fəqət qarşıma qoyulmuş tapşırığı icra etməzdən öncə, yoxlama aparmalı, necə deyərlər, ardımca izləmə olmadığına əmin olmalıydım. (İzləndiyimi aşkarladığım vaxt mən heç vəchlə öz təqibçilərimdən qaçmağa cəhd etməməliydim, açıq-aşkar yayınmaq cəhdi yalnız mənə diqqəti artırar və şübhə yaradardı).

Mənim üçün ən çətini saxlanc yerinə ismarış qoymaq idi. Bunu məni izləyən əməliyyatçıların gözü qarşısında etməliydim, həm də çalışmalıydım ki, onlar məni iş başında tutmasınlar. Uzun düşüncələrdən sonra “ismarışlı” konteyneri mənə uşaqlıqdan tanış olan yerdə – dəmiryolun üstündən keçən piyada körpüsünün polad sütunlarından birində buraxmaq qərarına gəldim.

İnsanlar qarşı tərəfə keçmək üçün pilləkənlə yuxarı qalxmaq, sonra düşmək istəmədiklərindən dəmir yolu bir qayda olaraq, relslərin üzərindən keçirdilər. Mən pilləkəndən istifadə etmək qərarına gəldim. Körpüyə aparan pilləkənin önündə alçaq tağ vardı. Düşündüm ki, tağdan keçərkən maqnitli kibrit qutusunu sezilmədən körpünün polad dayağına yapışdıra bilərəm. Sonra heç nə olmamış kimi relslərin üstü ilə qarşı tərəfə keçərəm.

Ancaq həmin gün bəxtimə diqqətli izləyicilər düşmüşdü. Onlar bir anlığa məni gözdən qaçırdıqları üçün nəyinsə düz olmadığından şübhələndilər və körpünün altını axtararaq qoyduğum “konteyner”i aşkarladılar.

İzləmə qrupunun üzvlərinin vəzifələrindən biri də müşahidə obyektinin tərəfdaşını aşkarlamaq idi. Onlar hər dəfə müşahidəçini aşkarlayanda uşaq kimi sevinirdilər.

Bizim bütün bu məşğələlərimiz təlim səciyyəsi daşıyırdı. DTK-nın təlimatlarına görə, əgər sən  real şərtlərdə izləndiyini aşkarlamısansa, heç bir məxfi tapşırığı icra etməməlisən. Bu məsələdə DTK əməkdaşları digər ölkələrin kəşfiyatçılarından köklü şəkildə fərqlənirdilər. Əcnəbilər izləndiklərini bilsələr də, əməliyyat hərəkətini yenə davam etdirirdilər.

Bizim üçün ən mürəkkəb tapşırıq “agentlə” görüşü təsvir etmək və hesabat yazmaq idi.

Köhnə kəşfiyyatçılar bilirdilər ki, biz bu işdə təzəyik, ona görə də bizə mərhəmətlə yanaşırdılar. Əgər onlar bizə tələ qursalar da, bunu rəhbərliyimizin tərtib etdiyi ssenariyə görə edirdilər. Mənim “agent”im guya ki, sözgəlişi bacısıoğlunun Xarici İşlər Nazirliyində çalışdığını deyə və sonra tamam başqa bir mövzuya keçə bilərdi. Ancaq tələ məhz sözgəlişi işlədilmiş həmin frazada olur. Biz məhz “agent”imizin bioqrafiyasındakı həmin o azəhəmiyyətli görünən faktdan yapışmalıyıq və sonra öz işimizdə ondan yararlanmalıyıq. Kəsəsi, söhbət zamanı XİN-də işləyən bacoğlu haqqında qeyd açar-kilid məqamıdır, əgər kursant bunu nəzərindən qaçırırsa, bu, ona minus kimi yazılır. Görüşdən sonra iki hesabat yazmaq lazım gəlirdi. Birində görüşün özü təfərrüatlı şəkildə (keçirildiyi yer, şəraiti, sürəkliliyi, agentin özünü şən və ya əsəbi aparması  və s.) təsvir olunurdu, ikinci hesabatda isə ondan alınmış informasiya, məsələn, onun ABŞ-ın Yaxın Şərqdəki siyasətinə və ya dünyadakı hər hansı başqa hadisələrə münasibəti əks olunurdu.

Təbii ki, öz informasiyanı ciddi şəkildə əsaslandırmaq lazım gəlirdi. İzimizlə gələn təqib qrupu hərəkətlərimizi başqa cür interpretasiya edə bilərdi. Eləcə də görüşə gələn “agent”in bizi qeyri-münasib obrazda təqdim etməsi mümkün idi. Köhnə kəşfiyyatçılar xeyirxah olsalar da, hər vasitə ilə onların bizi bəyənməsinə çalışırdıq. Bəzən kuryoz hadisələr də baş verirdi. Kursant izləmə qrupunun hərəkətlərini təfərrüatlı şəkildə təsvir edirdi, amma məlum olurdu ki, məhz həmin halda heç bir qrup onu izləməyib. Biz həmişə ardımızca “quyruq” olub-olmadığını müəyyən edə bilmirdik.

101 saylı məktəbdə 200-ə yaxın kursant oxuyurdu, bir o qədər kursant da Hərbi-diplomatik akademiyada təhsil alırdı. Bütün kursantlar öz praktiki məşğələlərini Moskvada aparırdılar. İzləmə qrupunun üzvləri çox idi və onlar öz ustalıqlarını cilalamaq üçün materiala malik idilər. Bir dəfə praktik məşğələ zamanı diqqətli müşahidə altında olduğumu dəqiq bilə-bilə nahar etmək üçün kafeyə girdim. Növbədə durdum, sonra məcməyi ilə masa arxasında yerimi tutdum, yedim, məcməyini bulaşıq qablarla birlikdə yuyucu pəncərəsinə apardım. Bütün bu vaxt ərzində kafe müştərilərini diqqətlə müşahidə etdim, amma şübhəli heç nə fərq etmədim. Buna baxmayaraq, növbəti məşğələ zamanı müəllim “izləmə” raportunu oxudu. Mənim kafedə olmağım çox dəqiq təsvir olunmuşdu. Mən heç cür anlamadım ki, mən kafedə olanda “quyruq” ordakılardan hansı olub.

— Sən qonşu masada oturmuş adama çübhəylə baxdın, — sonradan mənim izləmə qrupumun üzvü mənə dedi. — Doğrudanmı təxmin etmədin?

— Düzünə qalsa, mən məhz elə də düşünürdüm, — cavab verdim.

— Sən hesab etdin ki, biz sənin ardınca kafeyə daxil olacaq və sənin yaxınlığında oturacağıq? Həyatda ola bilməz!

Kursantlara bu cür kəşfiyyat işinin yeni fəndlərinin daimi və intensiv öyrədilməsi sovet əks-kəşfiyyatının fəaliyyətinə müsbət təsir göstərirdi. DTK əməkdaşlarının yeni nəsilləri bir-birinin ardınca saxlanc yerləri və şərti işarələr qoymaq üçün məkanların axtarışıyla bütün paytaxtı ələk-vələk edirdilər. Deyəsən, şəhərdə praktik məşğələlər zamanı əl-ayaq dəyməyən bir dənə də olsun küçə, xiyaban, körpü, tunel, həyət və pilləkən marşı qalmamışdı. Kursantları güdən izləmə qruplarının sayəsində onlar bütün əlverişli saxlanc və şərti işarə yerlərini öyrənmişdilər.

MKİ kimi xarici kəşfiyyatçıların əməkdaşları isə şəhərdə dolaşa-dolaşa, demək olar ki, həmişə sovet əks-kəşfiyyatçılarına çox yaxşı tanış olan saxlanc yerlərini seçirdilər. Ona görə də sovet kəşfiyyatçılarının MKİ-çiləri iş başında tutması çətinlik törətmirdi.

(Ardı var).

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*