Böyük Britaniyanın Qida Standartları Agentliyi (FSA) son vaxtlar populyarlaşan Dubay üslubunda istehsal edilən “Noesis”, “Fıx it” və “Le Damas Dubai” adlı şokolad məhsullarının tərkibində düzgün qeyd olunmayan allergenlər olduğu üçün geri çağırılması barədə qərar verib. Bəs, qanunvericiliyə əsasən, tərkibində düzgün qeyd edilməyən allergen bir məhsulun satışdan tam çıxarılması hansı hallarda tətbiq olunur?
Məsələ ilə bağlı hüquqşünas Ramil Süleymanov KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycanda bu cür məhsulların satışdan çıxarılması Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən tənzimlənir. Onun sözlərinə görə, insan sağlamlığına birbaşa təsir göstərən məhsullar, xüsusilə də qida sektorunda istehlak edilən mallar ölkəyə daxil olarkən mütləq şəkildə nəzarətdən keçir və sertifikatlaşdırılır.
“Azərbaycanda qüvvədə olan hüquqi aktlara və beynəlxalq konvensiyalara əsasən, məhsulun tərkibində düzgün qeyd olunmayan allergen varsa və bu hal sübut olunarsa, həmin məhsulun satışdan çıxarılması mümkündür. Əgər bu barədə xarici ölkə tərəfindən qərar verilibsə və Azərbaycan həmin beynəlxalq sənədi ratifikasiya edibsə, o zaman qərar burada da hüquqi əsas ola bilər. Sadəcə məhsulun ölkəyə idxalı zamanı onun sertifikatları ciddi şəkildə yoxlanmalı və uyğunluq məsələsi dəqiqləşdirilməlidir”, – deyə hüquqşünas qeyd edib.
Ramil Süleymanov əlavə edib ki, bu kimi hallarda beynəlxalq əməkdaşlıq çərçivəsində məhsulun Azərbaycanda satışına icazə verilib-verilməməsi müvafiq qurumlar tərəfindən birgə müzakirə olunmalıdır.
Aynurə İsmayıl
KONKRET.az