Ermənistan Baş Naziri Nikol Paşinyan Dünya Bankının regional direktoru Sebastyan Molineusu qəbul edib. KONKRET.az Baş Nazirin mətbuat xidmətinə istinadən bildirir ki, görüşdə DB-nin Ermənistan nümayəndəliyinin rəhbəri Silvi Bosutxo da iştirak edib.
Mənbənin sözlərinə görə, Paşinyan Dünya Bankı ilə əməkdaşlığı yüksək qiymətləndirib. O, DB ilə əməkdaşlıq çərçivəsinin Ermənistan hökumətinin prioritetlərinə və respublikanın inkişafına dair baxışlarına tamamilə uyğun olduğunu vurğulayıb.
Onun sözlərinə görə, 2019-cu ildə Ermənistan iqtisadiyyatı real artım və nailiyyətlər əldə edib. Bu, Paşinyanın qeyd etdiyi kimi, başladılan islahatların daha geniş şəkildə davam etdirilməsi üçün yaxşı şərait yaradır. Hökumət başçısı iqtisadi artımın təmin edilməsi, iqtisadi təşəbbüsləri stimullaşdırmaq və KOS-ların (kiçik və orta sahibkarlığın) inkişafı üçün imkanlar yaratmaq üçün vergi islahatlarının aparılması baxımından DB ilə əməkdaşlığın vacibliyini qeyd edib.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru öz növbəsində səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirib, DB-nin Ermənistanla qarşılıqlı faydalı əməkdaşlığı davam etdirməyə hazır olduğunu təsdiqləyib. Proqram çərçivəsində DB Ermənistanda müxtəlif sahələrin inkişafına yönəlmiş texniki və maliyyə yardımını davam edirəcək.