
“Azərbaycanda hələ yay aylarında payızda məhsulların bahalaşacağı haqqında proqnoz vermişdik. Bəzi tərəvəzlərin mövsümü başa çatdığından bahalaşma qaçılmazdır”.
Bunu KONKRET.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib. Ekspert bildirib ki, Azərbaycanda kənd təsərrüfatı məhsulları içərisində kartofla soğan yeganə məhsuldur ki, istehsal yerli tələbatı ödəyir: “Buna baxmayaraq, kartof və soğanın qiymətində də bahalaşma müşahidə olunur. Qiymət artımlarına iki amil təsir edir. Bunlardan biri mövsümün dəyişməsi, digəri isə ümumi inflyasiyadır. Bunun da əsas səbəbi kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilə bilməməsidir. Ümumilkdə tələbatın tən yarısı yerli istehsal hesabına ödənilir. Həmin məhsulların yarısı idxal olunur.
Biz bu sahədə idxaldan asılıyıq. Düyü istehsalında tələbatın yalnız 15-20%-i yerli istehsalın payına düşür. Halbuki bu sahəni inkişaf etdirib tələbatı tam qarşılamaq olar”. İqtisadçı qeyd edir ki, idxal məhsullarında artıq üçüncü həftədir buğda bahalaşır. “Rusiyanın bəzi buğda sortlarında isə ucuzlaşma müşahidə olunur. O da daxili bazar üçün nəzərdə tutulub. Xarici bazarda ixraca rüsum tətbiq edildiyinə görə bahalaşma qeydə alınır. Avropa bazarlarında buğdanın qiymətində 5-8% qiymət artımı var. Düyünün qiymətində də eyni tendensiya müşahidə edilir. Ötən həftənin sonunda məlum oldu ki, Rusiya ötən illə müqayisədə 15-20% çox düyü istehsal edib və dünya bazarında düyü bolluğu müşahidə olunacaq.
Digər tərəfdən, Hindistanın daxili ixraca qoyduğu kvota daxili bazarda düyünün ucuzlaşmasına səbəb oldu. Ona görə həftənin sonunda 7 ölkə üçün 1 milyon ton düyünün ixracına icazə verildi. Çox güman ki, qarşıdakı həftələrdə də digər ölkələr üçün qadağalar aradan qaldırılacaq. Hindistanın geri addım atmasından sonra dünya bazarında düyünün qiymətində bir qədər də sabitləşmə və ucuzlaşma müşahidə edəcəyik. Amma bu amil Azərbaycan bazarına təsir etməyib. Azərbaycan bazarı artımlara həssas olduğundan dünyada gedən ucuzlaşmaya meyl edilmir”, – deyən ekspert bildirir ki, bu da ölkədə idxalın inhisarda olmasıyla bağlıdır.
“Dünya bazarında qiymət qalxmamış informasiyanın təsiri altında ölkədə qiymətləri qaldırırlar, ucuzlaşma baş verəndə isə qiymətlərin aşağı salınmasında maraqlı olmurlar. Bu isə rəqabətin olmamasıyla əlaqədardır. Məsələ burasındadır ki, son vaxtlar dünya bazarında bahalaşan düyüdən bir kiloqram belə Azərbaycana daxil olmayıb. Amma ölkə daxilində düyü bahalaşmışdı. Bu, iqtisadi təsir yox, psixoloji təsir idi”, – deyə ekspert əlavə edib. Digər məhsulların bahalaşmasına gəlincə, A.Nəsirlinin fikrincə, ətin də qiymətində artım gözləniləndir.
Vəli Həsənov,
KONKRET.az