İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölüm xəbərinin təsdiqlənməsindən sonra İsrailin Baş naziri Benyamin Netanyahunun keçmiş xarici media sözçüsü Devid Keysin paylaşımı diqqət çəkib.
KONKRET.az globalinfo-a istinadən xəbər verir ki, Keysin martın 13-də Laricaninin fotosunu paylaşdığı və İsrailin növbəti hədəfinin onun aradan götürülməsi olduğunu vurğuladığı paylaşım maraq doğurub.
Keys Laricaninin fotosunda naməlum bir nəfərə diqqət çəkib:
“Növbədə Laricani var. Haradan bilirəm? Çünki fotoda qırmızı haşiyəyə alınmış bu şəxs bizim ən yaxşı agentlərimizdən olan Haba Batordur. O, həm də mənim ən yaxın dostumdur. Müctəbanın ölümü və Laricani ilə bağlı çox maraqlı bir həftə olacaq”.
Keys Haba Batoru İsrailin İrandakı ən yaxşı agenti adlandırıb.
Qeyd edək ki, fotonun martın 13-də İranda Qüds Günü ilə bağlı keçirilən yürüşlərdə çəkildiyi bildirilir.

