Kanadalı rejissor Ceyms Kemeronun çəkdiyi filmlərlə adını dünya kinematoqrafiya tarixinə necə yazdırdığı bütün kinosevərlərə yaxşı məlumdur. Amma bu yazıda dünya şöhrətli rejissorun yaradıcılığından bəhs etmək fikrindən uzağıq. Sadəcə oxucuların istəklərini nəzərə alaraq, Kemeronun ən populyar filmlərində kadrarxası çətin, qorxulu və maraqlı məqamları təqdim etməyi düşünürük. “Terminator”, “Titanik”, “Avatar” filmləri ilə ürəkləri fəth edən Kemeronun 1994-cü ildə lentə aldığı “Doğru yalan” filmindən başlayaq…
Bu yazıda “Doğru yalan”ın sehrinə düşən izləyicilərinə nostalji anlar yaşadacağıq. Beləliklə…
Filmin süjetinə görə, baş qəhrəman Harri Tasker ikili həyat sürür və ailəsi onun əslində terrorçulara qarşı çıxan xüsusi agent olduğunu bilmir. Beləcə film boyu Harri və həyat yoldaşı Helen gözlənilməz macəralarla üzləşir. Kemeron bu anları olduqca gərgin, qorxulu və təhlükəli kadrarxası çəkilişlər bahasına tamaşaçıya dolğun və təbii təqdim etməyə müvəffəq olur.
Deyilənə görə, oradakı bəzi səhnələr hətta aktyor Arnold Şvartseneggerin həyatı bahasına başa gəlib, aktyor çəkiliş zamanı ölə də bilərmiş. Arnold ataminmə səhnəsində gərgin anlar yaşayıb və at onu az qala 30 metr hündürlükdən atacaqmış. Lakin xoşbəxtlikdən, yaxınlıqda olan kaskadyor aktyora yəhərdən tullanmağa kömək edib.
Arnold Şvartseneggerin filmdəki “Tanqo” rəqsini yəqin ki, hər kəs daha yaxşı xatırlayır. Və filmdə bu rəqsə dönə-dönə, hətta xüsusi bir zövqlə baxdığını heç kəs dana bilməz. Belə bir performans göstərmək üçünsə Arnold bir neçə ay “Tanqo” dərsləri keçib. O, Al Paçinonun “Qadın ətri” filmindəki obrazından zəif görünməməyi qarşısına məqsəd qoyub.
Filmdə daha bir maraqlı nüans məşhur komediya ustası Tom Arnoldun baş qəhrəmanın dostu və həmkarı rolunu almasıdır. Maraqlıdır ki, Tom Arnold həmin dönəmlərdə həyat yoldaşından yenicə ayrılmışdı və şəxsi həyatı ilə bağlı medianın gündəmindən düşmürdü. Kinorejissorlar adı qalmaqallarda hallanan aktyorlardan uzaq dursalar da, Ceyms Kemeron Tomu israrla Albert Gibson roluna çəkir. Hətta Tom Arnold çəkilməsə, filmdən imtina edəcəyini də şərt qoyubmuş.
Yeri gəlmişkən, Tom Arnold və Arnold Şvartsenegger həyatda da yaxın dostdurlar. Buna görə də “Doğru yalan”da da dost səhnələri olduqca təbii və real alınıb.
Tom Arnold haqqında daha bir fakt filmi sevənlər üçün maraq doğurmaya bilməz. Filmdə belə bir səhnə var ki, Tom Şvartseneggerin qəhrəmanına ikinci həyat yoldaşından boşandıqdan sonra hətta soyuducudakı buz kublarını da özü ilə apardığını deyir. Filmdə bu etiraf tamaşaçılara zarafat kimi görünsə də, əslində bu, həyatda Tomun başına gələn hadisədir. Həqiqətən də arvadı boşandıqdan sonra bütün əşyaları, hətta soyuducudakı buz kublarını belə evdən çıxarıb.
“Doğru yalan” barədə digər bir diqqətçəkən məqam filmin Ginnesin Rekordlar Kitabına düşməsidir. Film büdcəsi 100 milyon dolları keçən ilk kinodur.
Filmdə yaddaqalan səhnələrdən biri də Şvartseneggerin “həyat yoldaşının” striptiz göstərdiyi yerdir. Süjetə görə, Harri diktofonu əlindən yerə salmalı deyildi. Amma cihaz təsadüfən aktyorun əlindən düşür və bu səhnə Kemeronun xoşuna gəldiyi üçün onu filmə daxil edir.
Harinin macəra sevən həyat yoldaşı Ceymi Li Kertisin qəhrəmanının helikopterdəki tryuklarını necə xatırlayırsınız? Zərif və ecazkar aktrisanın heç bir dublyor olmadan içəri atıldığı və ərinin qolundan yapışdığı inanılmazdır, amma real aktyor oyunudur. Üstəlik, səhnə təbii şəkildə, yəni xromakeysiz (yaşıl ekran) lentə alınıb.
Film ekranlara çıxandan sonra ərəblərin filmdə terrorçu kimi təqdim olunmasından narazı olan etnik azlıqların meydana çıxdığı da deyilirdi. Amerika müsəlmanlarının hüquqlarını müdafiə edənlər hətta Kemeronu ksenofobiyada da ittiham ediblər.
Amma bütün etirazlara və ittihamlara baxmayaraq, “Doğru yalan” 115 milyon dollarlıq büdcə ilə az qala 400 milyon gəlir əldə etdi.
Filmdə rol alan Art Malik terrorçu Səlim Əbu Əziz obrazı üçün sınaqdan belə keçməyib. Kemeron aktyoru “Zövqlər şəhəri” filmində görüb-bəyəndikdən sonra onu birbaşa dəvət etmək qərarına gəlib.
Aktyorların filmdəki səhnələrinə görə şəxsi həyatlarında yaranan problemlər buradakı qəhrəmanlardan da yan keçməyib. Arnold Şvartseneggerin həyat yoldaşı striptiz səhnəsini görəndə ərini hədsiz qısqanıb, onu Ceymi Li Kertis ilə yaxın əlaqələrinin olub-olmaması ilə bağlı xeyli sorğu-suala çəkib. Arnoldsa ona bu səhnənin çəkilişlərinə nifrətlə dözdüyünü etiraf edib.
Deyilənə görə, Kemeron filmin davamını çəkməyi planlaşdırırmış, lakin 11 sentyabr hadisələrindən sonra bu fikrindən daşınıb.
Sevinc Paşayeva,
KONKRET.az