Dilimizin lüğət tərkibinə daxil edilmiş əcnəbi sözlər içərisində maraqlı biri Avropa mənşəli qarnitur sözüdür. Bu söz altında cürbəcür əşyaların: paltarların, örtüklərin, düymələrin, boyunbağı və digər bəzək əşyalarının vahid bir qaydada komplektləşdirilməsi başa düşülür.
Bəzi tədqiqatçıların fikrinə görə, fransız, bəzilərinə görə isə alman mənşəli qarnitur (almanca garnitur) sözü dilimizə digər bir çox əcnəbi sözlər kimi, rus dili vasitəsilə keçmişdir. Yuxarıda qeyd edildiyi kimi, hərfi mənasına görə “aksessuar”, “geyim” mənası ifadə edən bu sözün əvvəllər əhatə etdiyi mənalar daha geniş olmuş, bütün sahələrlə bağlı hər cür bəzək-düzək anlayışını ifadə etmişdir. Sonralar məna dairəsi nisbətən daralmış və qarnitur sözü “tam dəst”, “tam komplekt” mənasını ifadə etməyə başlamışdır, məsələn: qaş-daş dəsti, mebel dəsti və ya geyim dəsti.
Maraqlıdır ki, qarnitur sözü ilə qarnir sözü eyni kökdəndir. Axı ət xörəklərinin yanında verilən cürbəcür qarnirlər, meyvə və tərəvəz əlavələri də bir növ bəzək-düzəkdir. Məncə, indi yurdumuzun hər yerində bəzədilmiş Novruz xonçalarımız da əslində ən gözəl, ən orijinal qarnitur nümunəsidir – ortada mütləq əsas elementlər: hərəsi bir məfhumun rəmzi olan səməni, şorqoğalı, paxlava və şəkərbura, ətrafında isə cürbəcür rəngləri ilə göz oxşayan necə cür meyvə, çərəz və qənnadı məhsullarından ibarət yaraşıqlı və dadlı qarnir. Şamlar da öz yerində. Novruz xonçası – tayı-bərabəri olmayan qarnitur nümunəsi!..
Yurdumuzun, el-obamızın, evimizin, süfrələrimizin ruzi-bərəkəti daim bol olsun!..
Yel çərşənbəniz mübarək!