Dünyaya yadplanetlilər GƏLİB? – “3I/Atlas” adlı ulduzlararası cism barədə BİLMƏDİKLƏRİMİZbackend

Dünyaya yadplanetlilər GƏLİB? - “3I/Atlas” adlı ulduzlararası cism barədə BİLMƏDİKLƏRİMİZ

Son günlər bəzi sosial media platformalarında və qeyri-rəsmi internet resurslarında “3I/Atlas” adlı ulduzlararası cismin guya yadplanetlilərə məxsus bir gəmi olacağı ilə bağlı iddialar yayılıb.

Maraqlıdır, bu iddiaların elmi əsası varmı və nə dərəcədə həqiqətə uyğundur?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən “Astronomy Club” elmi bloqunun redaktoru Orxan Əhməd bildirib ki, bu fikirlər elmi əsaslara söykənmir və spekulyativ xarakter daşıyır. 3I/Atlas, Günəş Sisteminə daxil olmuş üçüncü ulduzlararası kometdir. Ondan əvvəl 1I/’Oumuamua və 2I/Borisov adlı cisimlər də oxşar xüsusiyyətlərə malik olmuşdu.

 

Orxan Əhməd

“Bu komet yüksək sürətlə hərəkət edir və Günəşin cazibəsindən qopacaq qədər enerjiyə sahibdir. Teleskop müşahidələri onun tipik komet quruluşuna malik olduğunu – yəni qaz və toz quyruğu da daxil olmaqla, açıq şəkildə göstərir. Spektral təhlillər isə onun buzlu və tozlu tərkibə sahib olduğunu sübut edir,” – deyə Orxan Əhməd vurğulayıb.

O, qeyd edib ki, bu cisimdə heç bir süni material, radiorabitə siqnalı və ya texnoloji struktur əlamətləri aşkar edilməyib:

“Yadplanetli gəmi iddiaları tamamilə əsassızdır və daha çox diqqət çəkmək məqsədi güdür. Eyni spekulyasiyalar vaxtilə ‘Oumuamua və Borisov kometləri barədə də yayılmışdı. Amma hamısı nəticəsiz qaldı.”

Ekspertin sözlərinə görə, elmi araşdırmalar və müşahidələr bu cür əsassız iddiaların qarşısını almaqda əsas rol oynayır:

“Elm hər zaman emosiyalardan yox, sübutlardan çıxış edir. NASA və digər beynəlxalq astronomik qurumlar 3I/Atlas-ı “aktiv, ulduzlararası komet” kimi təsnif ediblər”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*