Əcdadlarının adətlərini davam etdirən qəbilələr: İnək qanı içir, insan əti yeyir, barmaqlarını kəsirlər – ARAŞDIRMAbackend

Əcdadlarının adətlərini davam etdirən qəbilələr: İnək qanı içir, insan əti yeyir, barmaqlarını kəsirlər - ARAŞDIRMA

Bu gün texnologiyanın, müasir həyatın imkanları ilə bəşəriyyətin əksəriyyəti inkişaf etmiş ölkələrdə, şəhərlərdə və keçmişə nəzərən daha yaxşı şəraitdə yaşayır. Lakin Meksika, Braziliya, Afrika, Hindistan, İndoneziya və Avstraliya kimi dünyanın müxtəlif yerlərində yaşayan yüz minlərlə insan əsrlər öncə yaşamış əcdadları kimi ömür sürürlər. Dünyadan təcrid olunmuş şəkildə yaşayan bu tayfalar öz qəbilələrindən olmayan yad insanlara qarşı çox uzaq, hətta bəzən düşmən münasibət göstərirlər. Nə qədər qəribə olsa da, hələ də insan əti yeyən, ölüləri üçün barmaqlarını kəsən qəbilələr var.

Məlumat üçün qeyd edək ki, dünyanın müxtəlif ölkələrində mərkəzdən çox uzaqda yaşayan 100-dən çox qəbilə mövcuddur.

KONKRET.az hələ də qəbilə şəklində yaşayan, əcdadlarının adətlərini qoruyan xalqları araşdırıb.

Bajau qəbiləsi

Hind okeanında yaşayan Bajau qəbiləsi 2004-cü ildə baş verən sunami fəlakətində heç bir itki verməyib. Demək olar ki, bütün həyatlarını okeanda keçirən qəbilə üzvləri addım atmamışdan əvvəl üzməyi öyrənirlər. Su altında dəqiqələrlə nəfəssiz qalmağı bacaran Bajau tayfası bu xüsusiyyəti ilə alimlərin diqqətini çəkib. Onlar 10 dəqiqədən daha çox suyun altında qala bilirlər. Qəbilə üzvləri qida ehtiyaclarını ödəmək üçün balıqçılıqla məşğul olurlar.

Korovai qəbiləsi

İndoneziyanın Qərbi Papua şəhərindəki Korovai xalqı insan əti yeyənlər kimi tanınır. 1970-ci illərdə kəşf olunan bu qəbilə ağaclarda yaşayır və paltar geyinməkdən imtina edir. Qəbilə üzvləri Kakua adlı pis ruhun öldürmək istədiyi şəxsin dostu və ya qohumu obrazına girərək, gecə yatarkən onun daxili orqanlarını yediyini düşünürlər. Xəstələnib yatağa düşən biri günahlandırdığı bir kişinin adını çəkir. Beləliklə, qəbilənin yeni qurbanı müəyyənləşmiş olur. Qəbilə üzvləri yalnız pis ruhları yediklərini və digər insanlara zərər vermədiklərini iddia edirlər.

Surma qəbiləsi

Efiopiyanın Omo vadisində yaşayan Surma tayfasının üzvləri qəribə görünüşləri ilə diqqət çəkir. Surmalar bədənlərində etdikləri döymələr, dodaqlarına və qulaqlarına taxdıqları zinət əşyaları ilə çox fərqli görünüşə malikdirlər. Surma qəbiləsindəki gənc qadınların dodaqlarına taxdıqları yemək boşqabları bütün dünyada məşhurdur. Bu qəbilədən olan gənc qadınlar həyatlarının çox hissəsini alt dodaqlarına nəhəng boşqab taxaraq keçirirlər. Yeniyetməlik illərindən zinət əşyası kimi istifadə etməyə başladıqları boşqablarla yaşayan qadınların dodaqları zamanla deformasiyaya uğrayır.

Bodi qəbiləsi

Efiopiyanın Omo vadisində yaşayan Bodi qəbiləsinin də çox qəribə adətləri var. Belə ki, bu qəbilənin üzvləri ilin altı ayında inək qanı içərək kökəlməyə çalışırlar. Adıçəkilən qəbilə Tanrıya inanır. Burada qanun-qaydaları yaşlılar qoyur. Ən qəribə adətlərindən biri də budur ki, qəbilə üzvləri aralarında söz-söhbət düşdükdə dava etmək əvəzinə bir-birilərinə iribuynuzlu heyvan bağışlayırlar. Beləcə məsələ həllini tapır.

Dani qəbiləsi

Baliem vadisində yaşayan Dani qəbiləsinin üzvləri vəfat etmiş qohumlarının dəfn mərasimləri zamanı kədərlərini göstərmək üçün barmaqlarını kəsirlər. Bu həm də onların mərhum qohumlarına duyduqları sevgini əks etdirir.

Route qəbiləsi

Route qəbiləsinin tərkibində yaşayan insan birlikləri Nepal xalqı tərəfindən ikinci sinif insanlar kimi görünür. Bu səbəbdən qəbilə əhalisi onları qəbul etməyən modern həyatdan imtina edərək, öz yaşantılarını bu cür davam etməyə üstünlük verir. Bu qəbilənin üzvləri etnik kimliklərinə sıx bağlıdırlar. Onlar inanırlar ki, kral nəslindən törəyiblər və bu krallıq onlar tərəfindən davam etdiriləcək.

Bu qəbilənin yaşam tərzini isə ilk dəfə danimarkalı fotoqraf Can Moller çəkib.

”Red Karen” qəbiləsi

Dünyanın ən uzun, “zürafə boyunlu” qadınları “Red Karen” qəbiləsində yaşayan padaunglardır. Şan dilində padaunglar “uzunboylu” deməkdir. Bir padaung qadın həyatı boyunca təxminən 20 halqa taxır. Hər biri 10-12 kq ağırlığında olan bu halqalar zaman keçdikcə çiyinləri aşağı salır, boynu uzadır. Qızlar hələ 5-6 yaşlarından bu halqaları taxmağa başlayır. Hər il halqaların sayı artırılır.

Səmra Ələkbərli,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*