25 il əvvəl, 6 may 1998-ci ildə Efiopiya-Eritreya sərhədinin mübahisəli hissəsində yerləşən Badme qəsəbəsində bir neçə eritreyalı məmur öldürülür.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, insident Eritreya silahlı qüvvələrinin Efiopiyaya hücumu və hər iki tərəfdən minlərlə insan itkisinə səbəb olan iki illik müharibənin başlamasına səbəb olur.
1998-ci ildə baş verən hadisələrdən sonra Eritreya ordusu mayın 12-də Efiopiyanın şimalındakı Badme qəsəbəsini işğal edir.
1999-cü ildə Efiopiya qoşunları Eritreya ərazisinə kütləvi hava zərbələri endirir. Eritreyalılar bunun qarşısını alsa da, bir neçə min əsgər bombardmanın qurbanı olur.
Sərhəd bölgələrində aktiv döyüşlər iki ildən çox, 2000-ci ilin iyununa qədər davam edir. Aktiv hərbi əməliyyatlar Efiopiya qoşunlarının Eritreya qüvvələrini mübahisəli ərazilərdən çıxarılması ilə başa çatır.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası hər iki ölkəyə silah embarqosu qoyur, bir ildən sonra isə bu qərarı ləğv edir. 2000-ci ilin dekabrında Əlcəzairdə sülh müqaviləsi imzalanır. Bu müqaviləyə əsasən ölkələr sərhədləri demarkasiya etməyi öhdəsinə götürsə də, öhdəliklər tam həyata keçirilmir.
Beynəlxalq müşahidəçilərin məlumatına görə, münaqişələrdə Efiopiya tərəfi 60 min, Eritreya isə 40 minə yaxın insan itirir.
2018-ci il sentyabrın 16-da Efiopiyanın Baş naziri Abiy Əhməd Əli İlə Eritreya Prezidenti İsayas Afevorki sülh müqaviləsi imzalayır. Efiopiya mübahisəli ərazilərə iddialarından imtina edir və ölkələr diplomatik münasibətləri bərpa edir. 2019-cu ildə Efiopiyanın Baş naziri sərhəd münaqişəsinin həllinə görə Nobel Sülh Mükafatına layiq görülür.
İqbal Rzayev,
KONKRET.az