Televiziya cəmiyyətin aynasıdır və biz bəzən dəvət etmədiyimiz “qonaq”la , yəni televiziya verilişləri ilə hər gün baş-başa qalırıq.
KONKRET.az Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli ilə Azərbaycan efirlərindəki vəziyyəti, reytinq naminə yayımlanan qalmaqalları və televiziya mədəniyyətinin tənəzzülünü müzakirə edib.
– ATV-də Zaur Nəbioğlunun verilişləri bəzən “efir anarxiyası”na çevrilir. Sizcə, bu, məqsədli şəkildə reytinq naminə atılan addımdır, yoxsa nəzarətsizliyin nəticəsi?
– Azərbaycan efirlərində son zamanlar qeyri-etik söhbətlərin, süni qalmaqalların, bir-birinə söz atan müğənnilərin çoxaldığını görürük. Bunlar əvvəldən planlaşdırılmış, reytinq xatirinə qurulmuş səhnələrdir. Tamaşaçı artıq ağı qaradan ayırd edə bilir, saxtalığı hiss edir. Təəssüf ki, bəzi verilişlər hələ də bu köhnəlmiş üsullardan əl çəkmir və “reytinq naminə” bayağı söhbətləri efirə daşıyırlar. Bu isə tamaşaçını iyrəndirir və televiziyaya olan inamı zədələyir.
– Efirdə qonaqların bir-birinə qarşı qızışdırılması və təhqir hallarının baş verməsi tamaşaçının zövqünə və etik dəyərlərinə zidd deyilmi?
– Əlbəttə ziddir. Efirdə insanların bir-birinə qarşı qızışdırılması, təhqir və etikadan kənar ifadələrin işlədilməsi televiziyanın ciddiliyinə xələl gətirir. Tamaşaçı bunu artıq dərk edir və belə səhnələr onu uzaqlaşdırır. Təəssüf ki, bəzi aparıcılar və prodüserlər hələ də bu yoldan əl çəkmirlər.
– Reytinq xətrinə efiri şouya çevirmək televiziya peşəkarlığı ilə nə dərəcədə uzlaşır?
– Bu, peşəkarlıqdan çox kommersiya maraqlarına xidmət edir. Hansı verilişin reytinqi yüksəkdirsə, ora daha çox reklam gəlir. Buna görə də özəl kanallar reytinq cədvəllərində önə çıxmaq üçün bəzən dəyərləri qurban verirlər. Amma bu, cəmiyyətin və televiziyanın günahıdır. Cəmiyyət bayağı verilişləri izləməsə, onların da ömrü uzun olmaz.
– ATV rəhbərliyi niyə bu kimi hallara müdaxilə etmir? Bu, “sifarişli reytinq siyasəti” ola bilərmi?
– Bəzi hallarda bu, nəzarətsizlikdən qaynaqlanır, bəzən isə məqsədli olur. Amma istənilən halda, efirlərə nəzarət güclənməlidir. Milli-mənəvi dəyərlərə zidd fikirlər səslənirsə, mütləq tədbir görülməlidir. Yalnız reytinqə görə hər şeyi efirə buraxmaq yolverilməzdir.
– Belə hallar televiziya jurnalistikasına necə zərər vurur?
– Əlbəttə. Qeyri-etik və bayağı məzmun tamaşaçının mediaya inamını azaldır. Əslində efirdə səslənən hər fikirə görə aparıcı da, kanal rəhbərliyi də məsuliyyət daşıyır. Əgər efirdə təhqir, böhtan və etikadan kənar fikir səslənirsə, o, yayımlanmamalıdır. Əks halda, həm aparıcı, həm də kanal məsuliyyətə cəlb oluna bilər.
– MTRŞ bu hallara qarşı necə davranmalıdır?
– Milli Televiziya və Radio Şurası artıq belə verilişlərlə bağlı bəzi tədbirlər görür, cərimələr tətbiq edir, hətta yayımı müvəqqəti dayandırır. Amma yalnız qanun pozuntusuna reaksiya vermək kifayət deyil. Efir mədəniyyətinə zidd, cəmiyyəti qıcıqlandıran verilişlərə qarşı mənəvi nəzarət də olmalıdır. Əsas məsələ etik çərçivəni qorumaq və mənəvi dəyərləri ön planda tutmaqdır.
– Aparıcının məsuliyyəti harada başlayır və harada bitir?
– Aparıcı efirdə səslənən bütün fikirlərə görə məsuliyyət daşıyır. Kimi efirə dəvət etdiyini bilməli, onların səviyyəsinə bələd olmalıdır. Təəssüf ki, bəzən dəyərli sənətkarları aşağılayan, səviyyəsiz suallar verən aparıcılarla da qarşılaşırıq. Bu, həm onların, həm də televiziya mühitinin səviyyəsini aşağı salır.
– Tamaşaçını cəlb etmək üçün qalmaqal yaratmaq artıq normaya çevrilib. Bu, televiziya mədəniyyətinin tənəzzülüdürmü?
– Bəli, bu, tənəzzül əlamətidir. Efirdə təhqir və vulqar ifadələrin səslənməsi, sonra səsin azaldılması və ya musiqi ilə kəsilməsi tamaşaçıya hörmətsizlikdir. Bu, həm də həmin qonaqların və aparıcıların efir mədəniyyətindən uzaq olduqlarını göstərir.
– Belə efirlər gənclərə necə təsir edir?
– Bu, çox təhlükəli tendensiyadır. Bayağı insanların “uğurlu” kimi təqdim olunması gənc nəsildə yanlış düşüncələr formalaşdırır. Gənclər artıq zəhmətlə yox, qalmaqalla tanınmağı uğur saymağa başlayırlar. Bu, cəmiyyət üçün mənəvi riskdir.
– ATV bir vaxtlar ailəvi kanal imici daşıyırdı. Bu gün bu imic hansı səviyyədədir?
– Hər kanal özünə “ailəvi” imici verməməlidir, bu adı tamaşaçı verir. Əgər bu gün tənqid olunurlarsa, deməli, problem özlərindədir. Bayağı insanları efirə çıxarmaq, pul müqabilində tanımadığı müğənnini “ulduz” kimi təqdim etmək kanala hörmət qazandırmır, əksinə, imicini zədələyir. Televiziya cəmiyyətin mədəni səviyyəsini formalaşdıran güclü vasitədir. Əgər efirdə bayağılıq, saxtalıq və qalmaqal üstünlük təşkil edirsə, bu, təkcə media üçün deyil, cəmiyyətin mənəvi sağlamlığı üçün də təhlükədir.”
Aynurə İsmayıl
KONKRET.az