ATV telekanalında yayımlanan “Rəngarəng” proqramında qalmaqallı anlar yaşanıb. Aparıcı Zaur Nəbioğlunun təqdimatında yayımlanan verilişin qonağı müğənni Ofeliya Şabanova olub.
Canlı yayım zamanı aparıcı ona həyat yoldaşının başqa bir qadınla görüntüsünü təqdim edib. Gözlənilməz hadisə ifaçının emosional gərginlik yaşamasına səbəb olub. O, studiyanı tərk etmək məcburiyyətində qalıb.
Sözügedən hadisə sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Bir çox izləyici verilişdə şəxsi həyata müdaxilə olunduğunu bildirib və aparıcının bu addımını tənqid edib.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq Audiovizual Şuradan bildirilib ki, faktla bağlı Monitorinq şöbəsi tərəfindən araşdırma aparılıb və qanun pozuntusuna rast gəlinməyib.
“Şou xarakterli proqramlarda elə hallar olur ki, cəmiyyətdə birmənalı qarşılanmır. Amma Audiovizual Şura yayım zamanı qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət edir və qanun pozuntusu olmadığı halda prosesə müdaxilə yolverilməzdir”, – deyə qurumun açıqlamasında qeyd olunub.