Rusiya prezidenti Vladimir Putinin əfv sərəncamı ilə həbsdən azad edilərək Ukrayna müharibəsinə göndərilmiş qatil Tsıren-Dorji Tsırenjapov cəbhədən qayıtdıqdan sonra Çitada növbəti ağır cinayət törədib.
KONKRET.az Rusiya mediasına istinadən bildirir ki, Tsırenjapov ilk qətlini 2019-cu ildə Çita şəhərinin mərkəzindəki kirayə qaldığı mənzildə törədib.
O, oktyabrın əvvəlində tanış olduğu 18 yaşlı Yekaterina Skvortsovanı sərxoş halda boğaraq öldürüb. Bütün gecəni meyitin olduğu otaqda içməyə davam edən qatil ertəsi gün onu parçalara ayırıb. O, meyitin başını uşaq meydançasına, qalan hissələri isə çaya atıb. Uşaqlar mərhumun başını Boqomyakova küçəsindəki evlərin birinin həyətində tapandan sonra sakinlər hadisə barədə polisə xəbər veriblər. Tsırenjapov qətlin törədildiyi mənzildə saxlanılıb.
Çita rayon məhkəməsi onu sərt rejimli koloniyada saxlanmaqla 14 il müddətinə azadlıqdan məhrum etsə də, qatil 3 il həbsdə oturub. Ukrayna müharibəsinin başlanması və Putinin əfvi onun dadına çatıb.
“Vaqner” özəl hərbi şirkəti ilə Ukrayna cəbhəsinə getmək barədə müqavilə imzalayan qatil Prezident Putinin əfv sərəncamı ilə həbsdən azad edilib. Cəbhədən qayıtdıqdan sonra doğma yaşayış məskənində – Çitanın Uqdan kəndində məskunlaşıb. 2023-cü ilin sentyabrında evinə 22 yaşlı fahişəni dəvət edir. Həmin dəvət qadının öldürülməsilə nəticələnir. Amma bu dəfə qatıl meyiti parçalamır.
Çita rayon məhkəməsi qatilin növbəti dəfə 14 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib. Martın 4-də oxunan hökmə görə, qatil cəzasını yenə də sərt rejimli koloniyada çəkəcək. Bundan başqa, maddi və mənəvi zərərə görə mərhumun ailəsinə 1 milyon 250 min rubl təzminat ödəyəcək. .
Navalnı komandasının apardığı araşdırmalara görə, yalnız Çitadakı həbsxanadan Ukrayna cəbhəsinə 223 məhbus göndərilib.
Xatirə SADİQ,
KONKRET.az