… 4 iyun 1993- cü ildə baş verən qanlı olaylar nəticə idi. Səbəblər isə çox əvvəllərə gedib çıxırdı. AXC-Müsavat hakimiyyətinin yarıtmaz siyasəti sayəsində o dövrdə təkcə xarici dövlətlər Azərbaycana düşmən kəsilməmişdi. Elə daxildəki siyasi və hərbi qüvvələrlə hakimiyyət arasında da antoqonist ziddiyyətlər var idi. O dövr Pənah Hüseynovun təbirincə desək, əsl “bezpredel” idi. Bu ziddiyyətlərin bir parçası da Surət Hüseynov idi. Ədalət naminə deyək ki, Surət bəyin ilk dövrlərdəki fəaliyyəti dövləti maraqlarla və azərbaycançılıq ideyaları ilə üst-üstə düşürdü. Ukraynada böyük biznes imkanlarına malik bu adam Qarabağ savaşı başlayanda bir-çox soydaşlarımız kimi Azərbaycana döndü. Könüllülərdən ibarət batalyon yaratdı. Digər ordu birləşmələrinə də maddi dəstək verirdi. AXC-Müsavat iqtidarı ilə də münasibətləri pis deyildi. Onun rəhbərlik etdiyi hərbi birləşmələr 1992-ci ilin payızında Qarabağda böyük hünər göstərdi.
Ağdərə, Xocavənd, Əskəran və digər rayonlar tamamilə ermənilərdən təmizləndi. Surət Hüseynovun başçılıq etdiyi hərbi birləşmələr son erməni məntəqəsi olan Xankəndinin bir-neçə kilometrliyinə qədər yaxınlaşdı. Artıq hər yerdə qurbanlar kəsilir, Qarabağın ermənilərdən azad edilməsinin sevinci yaşanırdı…
Amma nə oldusa birdən oldu. Azərbaycanın Qarabağdakı zəfər yürüşü hansısa gizli əl tərəfindən dayandırıldı. Cəmi bir-neçə gün ərzində yüzlərlə şəhidlərimizin qanı bahasına azad edilən torpaqlarımız yenidən ermənilərə təslim edildi. Çox təəssüf ki, bu vaxtadək bu dəhşətli cinayətin üstü açılmayıb. Niyə görə Surət Hüseynov qələbə bayrağını Xankəndinə sancmaq xoşbəxtliyindən imtina etdi? AXC-Müsavat hakimiyyəti qələbəyə bu qədər yaxın ikən nəyə görə təslimçiliyə getdi? Bu suallar 30 ildir ki, cavabsız qalıb.B ilinənsə odur ki, Vətənimizin bu dilbər guşəsi döyüş meydanlarında deyil, siyasi oyunlarda ermənilərə təslim edildi.
Bir də o bilindi ki, bu təslimçilik olayından sonra Surət Hüseynovla AXC-Müsavat iqtidarı arasında ciddi fikir ayrılıqları yarandı. Sonradan isə bu düşmənçiliyə qədər inkişaf etdi. Xatırladaq ki, AXC-Müsavat hakimiyyəti Surət bəyə Azərbaycanın Milli Qəhrəmanı fəxri adını və baş nazirin müavini səlahiyyətlərini vermişdi. 1993-cü ilin fevralında Fərəc Quliyev AXC Ali Məclisinin adından bəyənat yaydı. Bəyənatda Surət Hüseynovun fəxri adının və müstəsna səlahiyyətlərinin geri alınması hakimiyyətdən tələb olunurdu. Lakin nədənsə Məclisin bu qərarı eşidilmədi. Bununla belə artıq körpülər yandırılmışdı. Surət bəy birmənalı şəkildə AXC-Müsavat iqtidarını qəbul etmirdi.
Öz silahlı dəstəsini Gəncəyə toplayaraq burda “polojeniya”ya baxırdı. Maraqlıdır ki, həmin dövrdə iqtidarın bəzi təmsilçiləri yeyib-içmək üçün Gəncəyə Surət Hüseynovun yanına gedirdi. Arada onu Bakıya yürüş etməyə təhrik etməkdən də çəkinmirdilər. Bunu heç gizlətmirdilər də…
4 iyun hadisələrinin baş vermə səbəblərindən biri də məhz bu cür siyasi riyakarlıqlar idi. Sözdə əqidə dostları kimi görünən AXC-Müsavat iqtidarı əslində siyasi iddiaçılar yığnağı idi. Hakim komandadakı bu çəkişmələri görən Surət bəy də təbii ki, daha böyük iddialara düşdü. Artıq 1993-cü ilin may ayında Surət Hüseynov rəsmi Bakı ilə ultimativ dildə danışırdı. Yevlaxdan Qazaxa qədər hakimiyyət qeyri-rəsmi Gəncədən idarə olunurdu. Bu isə onu göstərirdi ki, Azərbaycanda hakimiyyət böhranı yaranmışdı. İyunun 2-də AXC-Müsavat iqtidarı ölkədə fövqəladə vəziyyət elan etmədən Gəncəyə qoşun yeridilməsinə qərar verdi. Nəticədə qardaş qanı axıdıldı. Silahların danışması vəziyyəti daha da gərginləşdirdi. Gəncəyə gələn baş prokuror İxtiyar Şirinov və digər rəsmi şəxslər Surət Hüseynovun silahlı dəstəsi tərəfinə keçdi. Bu azmış kimi baş prokuror Prezident Elçibəyin həbs olunması barədə əmr imzaladı. 1998-ci ildə İxtiyar bəydən müsahibə alarkən bu həbs qərarının hansı zərurətdən doğduğunu soruşdum. Onun cavabı gözlədiyimdən qısa oldu: “Mən bu addımı atmasaydım, Surət bizi öldürəcəkdi”.
Bax bu idi AXC-Müsavat hakimiyyətinin mahiyyəti. Ən xırda təzyiq, təhdid qarşısında meydan qəhrəmanları istənilən xəyanətə gedə bilirdilər… Əslində xəyanətkarlıq o dövrün iqtidarındakıları üçün yeni məsələ deyildi. Onlar bu məsələdə Məşədi İbad demişkən “bir nov adətkərdə” idilər. Hələ 1992-ci ilin mayında iqtidara gəlməmişdən qabaq da bir-çox milli məsələlərdə bu üstünlüklərini göstərmişdilər. Sonrakı dövrlərdə də ənənələrinə sadiq qaldılar. Korporativ maraqlar və şəxsi iddaları hesabına dövlətə, millətə, lap elə özlərinin müəllimi və ağsaqqalları adlandırdıqları Əbülfəz Elçibəyə qarşı çıxdılar. Sülhəddin Əkbərin Elçibəy haqqında bu günlərdə dedikləri fikrimin daha bir sübutudur. Bütün bunlar onu göstərir ki, nəinki, 4 iyun, bütövlükdə AXC-Müsavat hakimiyyətinin 1 illik dövrü tariximizin ən qara və qaranlıq səhifəsidir….
Surxay Atakişiyev,
KONKRET.az
Sureti xankendinin bir addimligindan geri qayitmagi goren kimel elrf edirdi? Indi baxandada bilinmirmi? Mence ancaq ermeniler ve onlar in havadarlsrina serv edirdi.