“Əgər onlar öz fikirlərini dəyişməsələr, KTMT-dən çıxmaq barədə düşünməyə dəyər”.
KONKRET.az xəbər verir ki, bunu oktyabrın 27-də jurnalistlərə müsahibəsində Paşinyan tərəfdarı, “Yerkrapa” Könüllülər Birliyinin rəhbəri Sasun Mikayelyan deyib.
O bildirib ki, KTMT Ermənistan üçün heç nə etməyib.
“Biz KTMT-nin üzvüyük və deyə bilərəm ki, bu təşkilat bizim üçün heç nə etməyib.
Ermənistanın sərhədlərinə “təcavüz” olub, lakin onlar normal reaksiya verməyiblər. Əgər onlar özlərinə gəlməsələr, bu, bizim KTMT-də qalıb-qalmamağımız barədə düşünmək üçün bir fürsət olacaq. Əgər bu gün bizim uyğun texnologiyamız olsa, hava məkanı bağlananda, çəkinmədən irəli gedə bilərik. Onların geri çəkilməsindənsə, biz öz ərazilərimizi azad etsək yaxşıdır. Mənə elə gəlir ki, onlar asanlıqla geri çəkilməyəcəklər, ona görə də biz yalnız özümüzə arxalanmalıyıq”, – deyə Mikayelyan bildirib.
O, Azərbaycan Ordusunun təchizatından da danışıb.
“Düşmən 20 ildir müasir texnika ilə silahlanıb. Bilirsiniz ki, əvvəlki hakimiyyətlər ancaq qarət edirdilər. Və bu gün həmin şeytan müqəddəs paltarını geyinib ölkəni xilas edəcəyini deyir. Əgər siz xilasedici idinizsə, 20 il ölkə sizin əlinizdə idi, niyə xilas etmirdiniz? Xalqımızı parçaladılar, vətənpərvər birliklər yaratdılar. Mən demirəm ki, bizim hökumətdə heç bir çatışmazlıq yoxdur. Amma üç il ərzində belə güclü hərbi texnikaya qarşı nəsə etmək sadəcə olaraq mümkün deyildi”, – o deyib.
Xuraman Etibarlı,
KONKRET.az