Bölgələrdə heyvanlar arasında dabaq xəstəliyinin yayılması ilə bağlı məlumatlardan sonra mal ətinə tələbat azalıb. Bu vəziyyət ət bazarında qiymətlərin enməsinə səbəb olub. Satıcıların sözlərinə görə, hazırda mal ətinin kiloqramı orta hesabla 2 manat ucuzlaşıb.
Bəs, növbəti aylarda ət bazarında daha da ucuzlaşma gözlənilirmi?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında bildirib ki, böyük ucuzlaşma ehtimalı az olsa da, müəyyən yumşalma mümkündür.

Akif Nəsirli
“Tam şəkildə “bəli, böyük ucuzlaşma olacaq” demək doğru deyil. Amma bəzi şərtlər daxilində qiymətlərin bir qədər enməsi mümkündür. Dabaq xəstəliyi kimi hallar istehsalda və satışda narahatlıq yaradır, tələbatın azalması isə qiymətlərin düşməsinə təzyiq göstərir”, – deyə iqtisadçı vurğulayıb.
Akif Nəsirlinin sözlərinə görə, qiymətlərin gələcək dinamikasına bir neçə əsas amil təsir edəcək:
•Əgər bölgələrdə istehsal artar, heyvan bazası bərpa olunar və təklif çoxalarsa, qiymətlərdə azalma potensialı yaranar;
•Daha ucuz alternativlərə – toyuq ətinə və ya idxal ətinə keçid yerli ətə tələbi azaldaraq qiymətləri aşağı sala bilər;
•Lakin yem, dərman, enerji və logistika kimi xərclərin yüksək qalması ucuzlaşmanı məhdudlaşdırır;
•Xəstəlik səbəbindən heyvan sayında azalma olarsa, bu dəfə təklif azalacaq və qiymətlər yenidən qalxa bilər.
Ekspertin fikrincə, hazırda bazarda müştəri etimadının zəifləməsi və alternativ məhsullara yönəlmə qiymətləri bir müddət aşağı səviyyədə saxlaya bilər.
“Yerli mal ətinin qiymətində növbəti aylarda müəyyən yumşalma gözlənilir. Kiloqram üçün 1-2 manat aralığında enmə mümkündür. Lakin davamlı və kəskin ucuzlaşma ehtimalı azdır. Bahalı istehsal xərcləri, bazar strukturu və xəstəlik riski qiymətləri aşağı salmaqda əsas maneələrdir. Bununla belə, ucuz idxal ətinin bazarda rəqabəti gücləndirməsi daha böyük ucuzlaşmaya yol açar”, – deyə Nəsirli əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az
