Azərbaycanda son günlər əhali arasında yüksək hərarət, boğaz və əzələ ağrısı, həmçinin halsızlıqla müşayiət olunan xəstəlik halları müşahidə olunur. Simptomlar bir neçə gün davam edə bilər
KONKRET.az “haqqın.az”a istinadla xəbər verir ki, Səhiyyə Nazirliyinin infeksionisti Təyyar Eyvazov mövzu ilə bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, qripəbənzər əlamətlər mövsümi respirator viruslarla bağlıdır.
“Belə hallara ilin bütün fəsillərində, o cümlədən yay aylarında da rast gəlinir və adətən fəsadsız keçir. Sağaldıqdan sonra quru öskürək və yorğunluq kimi əlamətlər qala bilər, lakin bu, aktiv infeksiyaya işarə etmir”, – deyə ekspert bildirib.
Təyyar Eyvazov bildirib ki, ölkədə yeni koronavirus infeksiyasına yoluxma halları olduqca nadirdir və epidemioloji vəziyyət sabitdir.
“Lakin payız-qış mövsümünün yaxınlaşması ilə hava-damcı yolu ilə yayılan infeksiyaların aktivləşəcəyi gözlənilir. Buna görə də səhiyyə orqanları maarifləndirmə kampaniyalarına başlayıb.
Sentyabrın ikinci yarısından, dərs ilinin başlanğıcı ilə çoxlu insan qapalı məkanlarda — auditoriya, dəhliz və sinif otaqlarında toplaşır.
Bu isə hava-damcı yolu ilə yayılan infeksiyaların sürətlə yayılması üçün şərait yaradır”, – Eyvazov vurğulayıb.
Mütəxəssis infeksiyalardan qorunmaq üçün respirator və əl gigiyenasına riayət etməyi, risk qrupuna aid şəxslərə isə qrip əleyhinə vaksinasiya olunmağı tövsiyə edib.